İqtisadiyyatManşet

Vergi Məcəlləsinə dəyişikliklər layihəsi: Sui-istifadə imkanı və diskriminasiya

Vergi Məcəlləsinə dəyişikliklər layihəsi Milli Məclisin yaxında qəbul edəcəyi əsas qanunlardan biridir. Bütövlükdə layihə daha çox vergi inzibatçılığına, dəqiqləşmələrə və texniki məqalmlara həsr olunub. Prinsipial məsələlər də var. Mən onlardan ikisinə xüsusi diqqət yetirməyə ehtiyac görürəm.

1. İşğaldan azad edilmiş ərazilərdə tətbiq ediləcək bəzi güzəştlərin sui-istifadə imkanı yaratması

Məcəlləyə “İşğaldan azad edilmiş ərazilərdə tətbiq edilən vergitutmanın xüsusiyyətləri” adlı XIX fəslin daxil edilməsi təklif olunur. Həmin fəsildə işğaldan azad edilmiş ərazilərin rezidentlərinə (orada vergi uçotuna alınan və bilavasitə həmin ərazilərdə fəaliyyət göstərən hüquqi və fiziki şəxslər) münasibətdə bir sıra vergi güzəştləri (azadolmalar) nəzərdə tutulub.
Bütövlükdə məram aydındır və alqışlanmalıdır: azad edilmiş ərazilərimizin inkişafı. Lakin o cümlədən vergi orqanının cari inzibatçılıq resursları onu deməyə əsas verir ki, tətbiq ediləcək güzəştlərdən sui-istifadə halları ola bilər və buna nəzarət etmək çox çətin olacaq. Xüsusilə inhisarçı, iri (holdinqlər), məmur biznesi və s. şirkətləri ehtiva edirəm. Burada əsas məqam odur ki, azad edilmiş ərazilərimiz xüsusi iqtisadi zona deyil. Heç bir sərhədi yoxdur. Deməli, risk var ki, bəziləri ölkənin digər ərazisindəki fəaliyyətini guya azad edilmiş ərazidə həyata keçirməsi kimi qələmə verib güzəştlərdən bəhrələnə bilər.

Məsələn, 227.4.1-ci maddədə deyilir: “istehsal, o cümlədən emal və hasilat fəaliyyəti sahəsi üzrə vergi azadolması işğaldan azad edilmiş ərazidə vergi uçotuna alınan və həmin ərazilərdə bu fəaliyyəti göstərən vergi ödəyicilərinə münasibətdə tətbiq edilir. Bu maddədə nəzərdə tutulan vergi azadolması istehsal, o cümlədən emal və ya hasil edilərək işğaldan azad edilmiş ərazi daxilində və ya həmin ərazidən kənara təqdim edilən, habelə Azərbaycan Respublikasının ərazisindən ixrac edilən mallara görə əldə olunan gəlirlərə şamil edilir.”

Tutaq ki, biri mebel istehsal edir və ölkənin digər ərazilərində (və ya xaricə) onları satır. Reallıqda həmin mebelin əksər hissəsini misal üçün Cəlilabadda istehsal edəcək, amma deyəcək ki, guya hamısını məsələn Zəngilanda istehsal edib, sonra da oradan daşıyıb (daşıma xərci əlavə fırıldaq olacaq) və satıb. Adı da olacaq ki, guya işğaldan azad edilmiş ərazinin rezidenti möhtəşəm sahibkardır. Reallıqda isə sadəcə vergi güzəştlərindən bəhrələnəcək.

Vergi orqanları əməkdaşları arasında da onların əməlinə göz yuman təbii tapılacaq. Çünki onun riski azdır: uzaqbaşı deyəcək ki, bilməmişik. Azad edilmiş ərazinin vergi orqanı suçu atacaq istehsalın faktiki ərazisi üzrə vergi orqanının üzərinə, sonuncu da birincinin.

“Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun XI fəslinə əsasən hər bir qanun layihəsi sui-istifadəyə məruz qalmasına dair ekspertizadan keçməlidir. Həmin Qanunun 1.0.24-cü maddəsinə əsasən “normativ hüquqi aktdan sui-istifadə imkanı – normativ hüquqi aktda korrupsiya təzahürləri üçün şəraitin yaranmasına kömək edən müddəaların mövcudluğu”dur. Görəsən, bu layihə həmin ekspertizadan keçib? Onun nəticələri ilə tanış olmaq yaxşı olardı.

Hər bir halda sözügedən fəsil bir daha həm ictimaiyyət, həm aidiyyəti dövət qurumları və əlbəttə ki, deputatlar tərəfindən ciddi və tənqidi nəzərdən keçirilməlidir. Təkmilləşdirilmə işləri aparılmalıdır. Əks halda, müsbət amal mənfi nəticələr verə bilər.

2. Müflisləşmiş qeyri-kredit təşkilatlarının (onların kreditorlarının) diskriminasiyası

Məcəlləyə daxil edilməsi təklif olunan beş maddəyə əsasən müflisləşmiş kredit təşkilatlarına vergi güzəştləri tətbiq olunacaq:

– 59.2-1-ci maddə: ödəmə müddəti ötmüş vergi öhdəliklərinə faizlərin hesablanması dayandırılır;
– 89.15-1-ci maddə: əmlakı siyahıya alınmır;
– 199.18-ci və 202.1.4-cü maddələr: əmlak vergisini ödəməkdən azaddır;
– 207.9-cu maddə: torpaq vergisini ödəməkdən azaddır.

Məqsəd aydındır: müflisləşmiş kredit təşkilatlarının ləğvi prosesi əsnasında daha çox vəsaitin əldə edilərək onların kreditorlarının tələblərinin ödənilməsinə yönəldilməsi. Reallıqda söhbət əsasən 21 müflis bankdan və onların əsas kreditoru olan Əmanətlərin Sığortalanması Fondundan gedir.

Olsun! Lakin niyə bu güzəştlər yalnız müflisləşmiş kredit təşkilatlarına və dolayısı ilə onların kreditorlarına şamil edilməlidir? Axı Vergi Məcəlləsinin 3.6-cı maddəsinə deyilir: “Vergilər siyasi, ideoloji, etnik, konfessional və vergi ödəyiciləri arasında mövcud olan digər xüsusiyyətlər əsas götürülməklə müəyyən edilə bilməz və diskriminasiya xarakteri daşıya bilməz.”
Məsələn, niyə müflisləşmiş sığorta şirkəti (yaxud hər hansı digər şirkət) də bu güzəştlərdən istifadə edə bilməsin? Niyə həmin sığorta şirkətinin borclu olduğu vətəndaşa daha çox pul qayıtmasın? Həmin vətəndaşla kredit təşkilatının borclu qaldığı vətəndaşın fərqi nədir axı?

Hesab edirəm ki, sözügedən maddələrdə söhbət ümumən hər hansı müflisləşmiş şəxsdən getməlidir. Kredit təşkilatlarının və onların kreditorlarının heç bir üstünlüyü olmamalıdır.

P.S. Rəyimi Milli Məclisə də göndərmişəm.

Əkrəm Həsənov, hüquqşünas

Bənzər yazılar

Back to top button