Dünya

ABŞ Rusiyanın zərbələrini pisləyir və Ukraynaya 400 milyon dollarlıq hərbi yardım göndərir

Çərşənbə günü Bayden administrasiyası Rusiyanın Ukraynanın elektrik enerjisi infrastrukturuna zərbələrini kəskin şəkildə pisləyib, Turan-ın Vaşinqton müxbiri bildirib.

Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Adrien Vatson bildirib ki, Rusiya “qış ərəfəsində qəsdən enerji sisteminə zərbələr endirərək Ukrayna xalqına qarşı daha çox dəhşətli hücumlar edir”.

Vatsonun dediyi kimi, Rusiyanın zərbələri “heç bir hərbi məqsəd daşımır, sadəcə, Putin rejiminin məqsədlərinə – ukraynalıların əziyyət çəkməsini və ölümünü artırmağa xidmət edir”.

“Rusiya nüvə təhlükəsizliyilə bağlı riskləri artırmağa hazırdır ki, bu da təkcə Ukraynaya deyil, həm də bütün regiona təsir edir”.

Vatsonun bəyanatında Ukraynaya 400 milyon dollar məbləğində əlavə yardım barədə danışılır. Bu paketə 200 generator, NASAMS hava hücumundan müdafiə sistemləri və HIMARS artilleriya sistemləri üçün mərmilər, dronları vurmaq üçün termal nişangahları olan 150 iriçaplı pulemyot, 10 000 ədəd 120 millimetrlik minaatan mərmi və atıcı silahlar üçün 20 milyon patron daxildir, Pentaqon bildirib.

“Ukraynanın mühüm enerji infrastrukturuna Rusiyanın amansızcasına, qəddarcasına raket və pilotsuz təyyarə hücumları ilə əlaqədar hava hücumundan müdafiə imkanları təxirəsalınmaz prioritet olaraq qalır”, -Pentaqonun bəyanatında deyilir.

Ümumilikdə, ABŞ Bayden administrasiyası hakimiyyətə gələndən Ukraynaya təhlükəsizlik sahəsində 19,7 milyard dollardan çox yardım edib.

Bənzər yazılar

Back to top button