Dünya

ABŞ İranın rəsmi şəxslərinə və SEPAH-ın komandanına sanksiyalar tətbiq edib

Çərşənbə günü Bayden administrasiyası İran Təhlükəsizlik Xidmətinin üç yüksək vəzifəli əməkdaşına, o cümlədən ölkədə etirazların yatırılmasına görə Qərbi Azərbaycan əyalətinə kuratorluq edən İslam İnqilabı Keşikçiləri Korpusunun quru qüvvələrinin komandanına qarşı sanksiya tətbiq edib, Turan-ın Vaşinqton müxbiri bildirib.

Maliyyə Nazirliyi İslam İnqilabı Keşikçiləri Korpusunun Məhabad şəhərindən olan komandiri Məhəmməd Tağı Osanluya, eləcə də daha iki nəfərə – İran hüquq-mühafizə qüvvələrinin komandanı Əlireza Moradi və Sənəndəc qubernatoru Həsən Əsgəriyə sanksiya tətbiq edib.

“İranda etirazçılara qarşı, o cümlədən son vaxtlar Məhabadda törədilən cinayətlər dayandırılmalıdır”, – maliyyə nazirinin maliyyə kəşfiyyatı üzrə müavini Brayan Nelson deyib.

İranda etirazlar sentyabrın ortalarında hicabı düzgün taxmadığına görə həbs olunan 22 yaşlı Məhsa Əmini “əxlaq polisi”nin nəzarətində olarkən öldükdən sonra başlayıb.

Hüquq-müdafiə qruplarının məlumatına görə, o vaxtdan İranda təhlükəsizlik qüvvələrilə toqquşmalarda 426 nəfər həlak olub, 17400-dən çox adam saxlanılıb.

Əsgəri təhlükəsizlik qüvvələri tərəfindən öldürülən 16 yaşlı gəncin həddindən artıq dozada narkotik maddə qəbulundan öldüyünü bildirən rəsmi şəxslərdən biridir, Moradi isə Sənəndəcdə nümayişçilərin dağıdılmasına rəhbərlik edib.

Dövlət Departamentinin məlumatına görə, Moradi həmçinin 2019-cu ilin noyabrında ümummilli etirazlar zamanı silahsız nümayişçilərə qarşı odlu silahlardan istifadəyə icazə verib.

Departament bildirib ki, Osanlunun nəzarəti altında İran İslam İnqilabı Keşikçiləri Korpusu etirazlara reaksiya vermək üçün İranda kürdlərin olduğu şəhərlərə əlavə qüvvələr göndərib.

“Birləşmiş Ştatlar ölkə boyu etiraz aksiyalarında İran xalqını dəstəkləməyə davam edir”, – dövlət katibi Entoni Blinken bildirib. “İran hökumətinin öz xalqına qarşı törətdiyi insan hüquqları pozuntuları nəticəsiz qalmamalıdır”,- o əlavə edib.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button