GündəmManşetSiyasət

Fərhad Əhmədovun audioyazısı ətrafında intriqa davam edir

Noyabrın 23-də Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti əslən azərbaycanlı olan rusiyalı milyarder Fərhad Əhmədovun işini şərh edib. Bundan öncə bəzi KİV bildirib ki, Əhmədov Azərbaycan Silahlı Qüvvələri Birinci Korpusunun komandir müavini Babək Səmidli ilə söhbətinin audioyazısını yayıb. Söhbət zamanı Müdafiə Nazirliyi rəhbərliyinin ünvanına tənqid səslənib.

Səs yazısı 2020-ci ilin noyabrında qeyd edilib, noyabrın 23-də isə Səmidli mina partlaması nəticəsində həlak olub.

Səs yazısında ordunun ali rəhbərliyi, o cümlədən nazir Zakir Həsənov və Baş Qərargah rəisi Nəcməddin Sadıqov ifşa edilir.

Səmidli onları korrupsiyada, hətta 2020-ci ildə 44 günlük müharibə zamanı Azərbaycan Silahlı Qüvvələrinin hücumunu pozmaq məqsədilə sabotajda ittiham edir.

Bəzi KİV Dövlət Təhlükəsizliyi Xidmətinə istinadən bildirib ki, açıqlanan səs yazısı ilə əlaqədar araşdırma aparılır, bəzi şəxslər dindirilib, prosessual hərəkətlər aparılıb. Dindirilənlər arasında Fərhad Əhmədovun özü də olub.

İstintaqda Əhmədovun niyyəti və açıqlanan audioyazıya görə “onun hüquqi məsuliyyəti”nə dair suallar yaranır.

Noyabrın 18-dən hökumətyönlü KİV Əhmədovu rus casusu kimi qələmə verərək bu iş barədə xəbərlər yayır, hətta onun həbs olunduğunu bildirir.

Əhmədov bu iddiaları təxribat adlandırıb, lakin istintaq tədbirlərində iştirak etdiyini etiraf edib.

Orduda korrupsiya və satqınlar mövzusu yeni deyil, uzun illərdir ki, Silahlı Qüvvələr quruculuğunda müşayiət olunan element sayılır. Bu cür ən səs-küylü ifşa “Tərtər işi”dir. Onun mahiyyəti ordu rəhbərliyi və prokurorluq tərəfindən yalan ittihamların saxtalaşdırılması, 2016-cı il aprel döyüşləri zamanı düşmənə casusluq etməkdə ittiham olunan hərbi qulluqçuların həbsi, işgəncə verilməsi və ölümündən ibarətdir.

Əslində, jurnalist araşdırmaları göstərib ki, həmin döyüşlərdə itkilərin günahkarları özlərini təmizə çıxarmaq üçün “Tərtər işi”ni təşkil edən bir sıra yüksək vəzifəli hərbçilərdir.

İkinci Qarabağ Müharibəsindən sonra prezident Əliyevin göstərişilə “Tərtər işi” yenidən təkrar istintaqa qaytarılıb və bəzi real günahkarlar məsuliyyətə cəlb edilib, günahsız yerə zərər çəkənlər isə həbsdən azad edilib. İstintaq davam edir.

Fərhad Əhmədov sıradan biri deyil. Dəfələrlə Azərbaycanın gələcəyilə bağlı öz baxışını, vətəndaş mövqeyini nümayiş etdirib ki, bu da onu digər oliqarxlardan fərqləndirib.

O, prezident Əliyevlə tanışdır və səs yazısından göründüyü kimi, o, yuxarı üçün nəzərdə tutulub. Ola bilsin ki, Əhmədov səs yazısını prezidentə çatdıra bilməyib və onu ictimailəşdirməyə məcbur olub.

Hələlik Əhmədovun tərəfi səs yazısını onun etdiyini təsdiqləyir, ancaq özünün yayıb-yaymadığı aydın deyil. Bununla belə, əgər xüsusi xidmət orqanları və ictimaiyyət onunla maraqlanırsa, deməli, nəşr məqsədinə çatıb.

Ümid etmək qalır ki, indiki halda satqın və casusların axtarışı ilə bağlı “Tərtər işi”ndə yol verilmiş səhvlər təkrarlanmayacaq. (Turan)

Bənzər yazılar

Back to top button