Siyasət

Putin Paşinyana Mehridən keçən dəmir yolunun tikintisini maliyyələşdirməyi vəd edib?

Noyabrın 23-də Yerevanda Rusiya prezidenti Putinlə Ermənistanın baş naziri Paşinyanın ikitərəfli görüşündə Mehridən keçən dəmir yolunun tikintisi də müzakirə edilib. Bu barədə Nikol Paşinyan cümə axşamı Ermənistan hökumətinin iclasında bildirib.

“Rusiya prezidentilə danışıqlar zamanı biz Horadiz-Mehri-Ordubad-Sədərək-Yeraşx dəmir yolunun bərpası üzrə işə başlamaq üçün ciddi imkanlar barədə müəyyən siqnallar aldıq”, – Paşinyan deyib.

“Əgər dünənki razılaşmalardan kənara çəkilmələr olmasa, dəmir yollarının bərpası məsələsində böyük investisiyalara ehtiyac yarana bilər və sevindiricidir ki, bizim belə imkanlarımız var”, – Paşinyan deyib.

Eyni zamanda o xatırladıb ki, bütün bu razılaşmalar təsdiqlənməli və qeydə alınmalıdır. “Ancaq ən yaxşısı odur ki, bizim maliyyə imkanları ilə bağlı problemimiz olmayacaq”, – o əlavə edib.

Paşinyanın dediklərindən belə nəticəyə gəlmək olar ki, Putin bu yolun tikintisi üçün lazımi vəsaitin ayrılacağını vəd edib.

Xatırladaq ki, dəmir yolunun Mehridən keçən hissəsinin tikintisi məsələsi 2021-ci ilin dekabrında Brüsseldə həll olunub. Naxçıvanın Qərbi Azərbaycanla birləşdirilməsi üçün Ermənistan 45 kilomtrlik dəmir yolu inşa etməlidir. Erməni tərəfinin hesablamalarına görə, buna 200 milyon dollar lazımdır. (Turan)

Bənzər yazılar

Back to top button