Siyasət

Sülhməramlıların komandanı müharibədən sonra ermənilərin minaladığı ərazilərə baxış keçirib

Avqustun əvvəlindən Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 2500-dən çox mina aşkar edilib. Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında deyilir ki, həmin dövrdə Ermənistan-Azərbaycan sərhədinin Laçın və Kəlbəcər hissələrində 1119, Qarabağ iqtisadi rayonunda 1609 mina aşkar edilərək zərərsizləşdirilib. Bunlar 2021-ci ildə Ermənistanda istehsal olunmuş minalardır.

Eyni zamanda Sarıbaba yüksəkliyinin şimal yamacında 350 ədəd PMN-E piyada əleyhinə mina aşkar edilib.

Noyabrın 23-də Azərbaycan Müdafiə Nazirliyinin dəvətilə Rusiya sülhməramlı kontingentinin komandanı, general-mayor Andrey Volkov, Türkiyə-Rusiya Monitorinq Mərkəzinin rəhbəri, general-mayor Fatih Akpınar və mərkəzin rusiyalı rəhbəri kontr-admiral Oleq Semyonov minalanmış ərazilərə və aşkar edilmiş minalara baxış keçiriblər.

Noyabrın 24-də xarici dövlətlərin hərbi attaşeləri və jurnalistlər həmin ərazilərə səfər ediblər.

Xarici İşlər Nazirliyinin məlumatında qeyd olunur ki, 2021-ci ildə istehsal olunan minaların basdırılması göstərir ki, Ermənistan Laçın yolundan qanunsuz hərbi fəaliyyət üçün istifadə edib.

Azərbaycan ərazilərində hərbi təxribatların davam etməsi, silahlı qüvvələrin tam çıxarılmaması və minalanma bərpa işlərinə və məcburi köçkünlərin qayıdışına təhlükə yaradır.

“Ermənistan normallaşma prosesinə və bölgədə sülhün bərqərar olmasına maneçilik törədir. Bu, hərbi cinayətdir, beynəlxalq humanitar hüququn və Ermənistanın üçtərəfli bəyanat çərçivəsində götürdüyü öhdəliklərin ciddi pozulmasıdır”, – Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Bənzər yazılar

Back to top button