GündəmManşetSiyasət

Dekabrın 7-də Brüsseldə üçtərəfli görüş baş tutmayacaq – İlham Əliyev sərt danışdı

Azərbaycan, Ermənistan və Avropa İttifaqı liderləri sonuncu görüşlərində növbəti görüşün dekabrın 7-də Brüsseldə keçiriləcəyi haqqında razılığa gəlmişdilər, amma bu görüş baş tutmayacaq. Bu barədə noyabrın 25-də Azərbaycan prezidenti İlham Əliyev regional kommunikasiyalara həsr olunmuş beynəlxalq forumun iştirakçılarının suallarını cavablandırarkən bildirib.

“Dünən Şarl Mişelin ofisindən bizə zəng edib dedilər ki, Fransa prezidenti Makron da görüşdə iştirak edərsə, Ermənistan baş naziri bu görüşə razıdır. Bu isə o deməkdir ki, belə bir görüş olmayacaq. Niyə? Çünki Praqadakı görüşümüzdən cəmi bir həftə sonra Makron öz müsahibəsində bizə hücum edib, bizi etmədiyimiz əməldə ittiham edib. Bundan sonra Fransa Senatının tamamilə qəbuledilməz olan qətnaməsi qəbul edilib, indi isə onlar Fransa Milli Assambleyasının Azərbaycan əleyhinə eyni məzmuna malik qətnaməsini qəbul ediblər və nəhayət Frankofoniya sammitində bizə hücum etmək cəhdi olub.

Biz Fransa-Ermənistan tandeminin hazırladığı eyham və ittihamlarla dolu ilkin qətnaməni gördük, amma bizim təkcə Qoşulmama Hərəkatında deyil, Frankofoniya üzvləri arasında da dostlarımız var. Buna görə qətnamənin bu variantı qəbul edilməyib.

“Bütün bu halları nəzərə alaraq, aydındır ki, Fransa Ermənistan və Azərbaycan arasında sülh prosesinin iştirakçısı ola bilməz. Onları biz çıxarmadıq, Fransa özü özünü bu prosesdən kənarlaşdırdı. Minsk Qrupunun digər üzvləri – ABŞ və Rusiya belə birtərəfli addımlar atmayıblar.

Dekabrın 7-də Brüsseldə görüşün baş tutmayacağını nəzərə alaraq, gələcək danışıqlarda kimin və hansı platformada vasitəçi ola biləcəyinə baxacağıq.

Mən Ermənistan baş nazirinin bu qərarını sülh prosesini pozmaq cəhdi kimi qiymətləndirirəm, çünki o, başa düşürdü ki, biz bu təklifi qəbul etməyəcəyik. Ermənistan bu hərəkətləri ilə çalışır ki, danışıqlar prosesi sonsuz olsun. Bu, o deməkdir ki, sülh sazişi imzalanmayacaq, bu, o deməkdir ki, sülh olmayacaq, bu, Ermənistanın seçimidir”, deyə İ.Əliyev fikrini bildirib.(Turan)

Bənzər yazılar

Back to top button