Cəmiyyət

İdman və sağlamlıq-bərpa obyektlərinə dair metodik göstərişlər açıqlandı (SİYAHI)

Səhiyyə nazirinin müavini idman və sağlamlıq-bərpa obyektlərində koronavirus infeksiyasının (COVID-19) idarə olunmasına dair metodiki göstərişlər sənədini imzalayıb.

AzToday.az-ın xəbərinə görə, sənəddə deyilir:

– İdman və sağlamlıq-bərpa obyektlərinin fəaliyyətinə (bundan sonra “idman obyektləri”) orada çalışan işçi heyətin ən azı 80%-nin “peyvənd sertifikatı”na və ya “immunitet sertifikatı”na malik olması halında icazə verilməsi (1 iyul 2021-ci il tarixindən etibarən);

– İdman obyektlərində hazırkı Metodiki Göstərişlərə əməl edilməsinə nəzarət üçün cavabdeh əməkdaşın təyin edilməsi;

– İdman obyektlərinin ümumi istifadə yerlərində (holl, qeydiyyat masası və s.) işarələr qoyulmaqla insanlar arasında 1,5 metrdən az olmayan sosial məsafənin təmin olunması;

– Əməkdaşların birdəfəlik maska (hər üç saatdan bir və islandıqca dəyişdirilməsi ilə) yaxud filtrli maskalarla, əlcəklə, dezinfeksiyaedici salfetka, əl dezinfektantları ilə fasiləsiz təmin olunması;

– İdman avadanlıqları arasında 1,5 metr məsafənin təmin olunması;

– İdman zallarında hər istifadəçi üçün minimum 4 kvadratmetr sahənin nəzərdə tutulması;

– Məşqçi heyətin yalnız məşq vaxtı istisna olmaqla maskadan istifadə etməsi;

– İdman obyektlərində qidalanmanın COVID-19 pandemiyası dövründə ictimai-iaşə müəssisələrinə şamil edilən norma və qaydalara uyğun həyata keçirilməsi;

– İdman obyektlərinə yalnız “peyvənd sertifikatı” və ya “immunitet sertifikatı”nın eTabib mobil tətbiqi vasitəsilə yüklənmiş elektron və ya çap edilmiş nüsxəsini təqdim edən istifadəçilərin girişinə icazə verilməsi;

– yalnız təbii və ya texniki havalandırma sisteminə malik olan idman obyektlərinin fəaliyyətinə icazə verilməsi;

– İdman obyektlərinin girişlərinin təmassız termometrlərlə təmin edilməsi, əməkdaşların iş günü ərzində 2 dəfə (səhər və işin sonunda), istifadəçilərin isə giriş zamanı hərarətlərinin ölçülməsi, simptomlu (hərarətin yüksəlməsi, öskürək, zökəm, nəfəs darlığı, ishal və s.) olanların içəri buraxılmaması və tibb məntəqəsinin əməkdaşlarına bildirməsi;

– İdman obyektlərinin girişlərində və əlçatan zonalarda əl dezinfektantları üçün nəzərdə tutulmuş dispenserlərin yerləşdirilməsi, əməkdaşların və istifadəçilərin onlardan mütəmadi olaraq istifadə etməyə təşviq edilməsi;

– İş gününün sonunda və hər məşq prosesindən sonra növbəti istifadəçi və ya qrup daxil olmazdan əvvəl havalandırmanın həyata keçirilməsi;

– Sanitar-məişət otaqlarının (sanitar qovşaq, soyunub-geyinmə otağı və s.) sanitar gigiyenik qaydalara uyğun, işlək və təmiz vəziyyətdə saxlanılması, əl dezinfektantları, sabun, birdəfəlik əl dəsmalları və digər gigiyenik vasitələr ilə fasiləsiz təmin olunması;

– Təmizlik vasitələri və dezinfeksiyaedici maddələrin fasiləsiz təmin edilməsi;

– İşçi heyətin mütəmadi olaraq maarifləndirilməsi, həmçinin infeksiyanın yayılmasının qarşısının alınması ilə bağlı ən son məlumatlara sahib olması;

– Tullantıların vaxtında kənarlaşdırılması, həmçinin tullantı qablarının təmiz saxlanılması;

– İdman obyektlərinin giriş-çıxış zonalarında və digər görünən yerlərdə COVID-19 infeksiyasının profilaktikası ilə bağlı məlumat lövhələrinin yerləşdirilməsi.

Bənzər yazılar

Back to top button