Mədəniyyət

“Şuşanın romanı” İstanbulda çapdan çıxıb

Bu gün İstanbulda Azərbaycan nəsrinin böyük ustası Yusif Vəzir Çəmənzəminlinin “İki od arasında” (“Qan içində”) romanı “İki alev arasında. Şuşanın romanı” adıyla çapdan çıxıb. “Kopernik” nəşriyyatının çap etdiyi kitab 28 noyabrdan başlayaraq mağazalara göndəriləcək.

Romanı türkcəyə Turan İnformasiya Agentliyinin Türkiyədəki rəsmi təmsilçisi, filologiya elmləri namizədi Mayis Əlizadə tərcümə edib. Bakı Dövlət Universitetinin professoru Vaqif Sultanlı kitaba yazdığı ön sözdə Yusif Vəzir Çəmənzəminlinin həyatı,əsərləri və “İki od arasında” romanı barədə Türkiyə oxucularına geniş məlumat və təhlil təqdim edib.

Qarabağ tarixinin ən keşməkeşli dönəmlərindən birinə həsr edilmiş romanı 1936-cı ilin dekabrında yazmağa başlayan Yusif Vəzir Çəmənzəminli 1937-ci ilin aprelində bitirməyə müvəffəq olub. Professor Əkbər Ağayevin çapa hazırladığı roman Azərbaycanda ilk dəfə 1964-cü ildə çap edillib. “Kopernik” nəşriyyatının sahibi Abdulkadir Özkan “İki alev arasında. Şuşanın romanı”nın çapdan çıxması münasibətilə Turan Agentliyinə verdiyi açıqlamada deyib: ”Mükəmməl bir romanı çap etməyin qürurunu yaşayırıq. Azərbaycan Cümhuriyyətinin Osmanlı imperiyasındakı ilk və son səfiri olmuş Yusif Vəzir Çəmənzəminlinin romanını “İki alev arasında.Şuşanın romanı” adıyla çap etməyimizin bir çox baxımdan simvolik mənaları var. Bu romanı oxuyanlar 15 iyun 2021-ci ildə Türkiyə və Azərbaycanın hörmətli dövlət başçılarının imzaladıqları Şuşa Bəyannaməsinin önəmini daha yaxşı anlayacaqlar. Türkiyənin orta məktəb, litsey və universitetlərində kitabın daha çox oxunması və geniş kütlələlərə tanıdılması üçün lazım olan bütün işləri görəcəyik. Kitabın Türkiyə oxucuları tərəfindən böyük rəğbətlə qarşılanacağına əminəm”.

Kitab çapı sahəsində Türkiyənin önəmli nəşriyyatları arasında yer tutan “Kopernik Yayınları” ədəbiyyat, tarix, diplomatiya və digər sahələrdə qısa müddətdə 400-dən çox kitab çap edib. Nəşriyyatın nəzdində müxtəlif sahələrə aid 4 dərgi də çap edilir.

Bənzər yazılar

Back to top button