Siyasət

Qarabağ dilemması: sülhün və savaşın perespektivi

Rusiya ilə Ermənistan arasında qarşılıqlı narazılıq diplomatiyası davam etdikcə belə fikirlər yaranır ki, bölgədə yeni gərginlük üçün “fürsət” yetişir. Rəsmi İrəvanın ritorikasında Putinin xoşuna gəlmək üçün heç bir cəhd sezilmir, üstəlik Ermənistan baş naziri Nikol Paşinyan KTMT-nin sonuncu, İrəvan toplantısında deyib ki, o bu qurumun fəaliyyətini fiasko adlandırmağa hazırdır. Onun bu cümləsini biz “Rusiyanın fəaliyyətini fiasko adlandırmağa hazıram” kimi də oxuya bilərik. Çünki KTMT-nin əsasən Rusiyanın özü üçün hərəkət azadlığı yaratmaq üçün beynəlxalq hərbi ittifaq görüntüsü verdiyi birlik olduğunu əksər ekspertlər və dövlətlər təsdiqləyirlər. Paşinyanın da elə Rusiyanı birbaşa hədəf almamaq üçün KTMT-üzərindən fikir yürütdüyünü demək olar. O “fiasko” deyəndə nəyi nəzərdə tuturdu?

-2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük müharibə zamanı Rusiyaya və KTMT-yə etdiyi rəsmi və qeyri-rəsmi müraciətlərə “KTMT yalnız Ermənistana hərbi müdaxilə olarsa, yardım edə bilər” cavabını almasını;

-2022-ci ilin 13 sentyabrında başlayan sərhəd gərginliyi zamanı KTMT-nin Azərbaycana qarşı faktiki addımlar atmamasını;

Tezis: Paşinyan bilir ki, Rusiyanın, daha doğrusu Putinin Ermənistana münasibəti Ermənistanın daxili demokratiyaya və Qərbə meylinə görə dəyişib, ona görə də KTMT-ni bu kontekstdə deyil, məhz lazımsız müttəffiq kimi gözdən salır ki, Kremldən uzaqlaşmaq məsələsində xalqdan dəstək ala bilsin. Bununla da özünə və sisteminə olan təhlükəni xalq nəzdində sığortalamış olsun. Çünki bütün hallarda Rusiyanın dəstək verməmsi erməni xalqının daha çox itki verməsi ilə nəticələnib. Ən azından Paşinyan buna iddia edir.

Antitezis: Əvvəla, Paşinyan özü etiraf edib ki, O, Azərbaycana qarşı Rusiyanın ən yüksək texnologiyalı raketlərindən (İsgəndər M) də istifadə edib, amma onların keyfiyyəti aşağa olub. Başqa erməni hərbçilər də Rusiyanın son texnologiya silahlarından yararlandıqlarını etiraf ediblər. Üstəlik, Putin özü dəfələrlə qeyd edib ki, o Ermənistanı bu məğlubiyyətin yarısından belə döndərmək istəyib, amma Paşinyanın maksimalistliyi buna mane olub.

Analiz: Deməli, Rusiyanın Ermənistana kömək etməməsi barədə iddialar təsdiq olunmur. Yəni Kreml Paşinyana bir, İrəvana isə başqa gözlə baxmaq istəyib. Bu müharibədə Putinin planı Ermənistanı uduzdurub, Paşinyanı devirmək yox, əksinə Ermənistan ordusunu qalib çıxarıb, Paşinyanın devrilməsini xalq nəzdində legitimləşdirmək olub. Ola bilsin ki, Paşinyan “qalib ordunun” onu asan məhv edəcəyi ehtimalını da nəzərə alıb. Amma müharibdən sonra başlayan və vaxtaşırı davam edən antipaşinyan əməliyyatları onu deməyə əsas verir ki, Rusiyanın Ermənistandakı ən böyük dayağı müharibədən dağılmış çıxan ordu idi. Bu baxımdan da Ermınistan ordusu və dolayısı ilə Rusiya müharibədən zəif, Paşinyan isə siyasi baxımdan güclü çıxdı.

Kreml kələfin ucunu itirib

Putin yerli televizyalardan birinə müsahibəsində bildirdi ki, Ermənistan vaxtında “Dağlıq Qarabağ”ın müstəqilliyini tanımalı idi. O bu açıqlamasını sonra Abxaziya və Osetyanın müstıqilliyini tanıdıqlarını və belə addımlardan çəkinmədiklərini ifadə etməklə davam etdirdi. Putin demək istəyirdi ki, beynəlxalq hüquq artıq yoxdur və Ermənistan bunu dəyərləndirməyib. Çünki o həm də “Qarabağ beynəlxalq hüquqa görə Azərbaycana mıxususdur” deyir. Özü də eyni müsahibədə. Sonuncu Valday çıxışında isə o danışıqların “Vaşinqton formatı” adı verdiyi prosesindən söhbət açaraq deyir ki, bu ABŞ-ın təklif etdiyi sülh layihəsində Azərbaycanın ərazi bütövlüyü tanınır, erməni xalqının maraqları nəzərə alınmır. Amma Qarabağ erməniləri istəsələr bu məsələ qaldırıla bilər.

Şərh: Buradan belə nəticəyə gəlirik ki, Putin açıq şəkildə sülhü istəmədiyi kimi məsələmnin Azərbaycanın xeyrinə yekunlaşmasını da istəmir. Çünki, O, Azərbaycan üzərində Rusiyanın təsirinin müvəqqəti olduğunu bilir. Ancaq onu da bilir ki, münaqişə davam etdikcə Ermənistanda kimin hakimiyyətdə olmasından asılı olmayaraq İrəvan daima Moskvadan asılı olacaq. Məhz buna görə də Putin Paşinyanı “Azərbaycanın xeyrinə sülh imzalamaq”da ittiham və ifşa edir. Paşinyan isə görünür ki, Ermənistan əhalisinin növbəti müharibənin olmaması üçün çox şeyə hazır olduğunu bilir.

Azərbaycan kimdən narazıdır?

-Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin rəhbərlərindən biri, XİN rəhbəri və Müdafiə Nazirliyi deyir ki, Ermənistan Laçın dəhlizi vasitəsiylə Rusiya sülhməramlıların nıəzarət bölgəsi olan Xankəndinə silah və insan resursları toplayır. Bu zaman Rusiyanın birbaşa məsuliyyətindən niyəsə bəhs edilmir və Rusiyanın apardığı siyasət açıq qınanmır. Üstəlik məsələ bununla da bitmir çünki dövlət televizyası Rusiyaya barmaq silkələyir. Deməli, deməyə söz var, amma dolayı deyilir.

-İlham Əliyev deyir ki, biz Qarabağda yaşayan erməni vətəndaşlarımızla danışmağa hazırıq, amma Moskvadan konspektlə gılən Vardanyanla deyil.

Sual və şərh: Azərbaycan rəsmiləri niyə Rusiyanı birbaşa tənqid etməkdən çəkinirlər? Daha doğrusu Rusiyanın Ermənistanla birgə hərəkatına niyə təktərəfli münasibət bildirirlər? Kimdir Qarabağda yaşayan və bizim danışmağa hazır olduğumuz vətəndaşlarımız? Bu iki sual ona görə önəmlidir ki, Azərbaycan kiminlə üz-üzə, qarşı-qarşıya olduğunu nəhayət etiraf edəcəkmi? Bu etiraf olmadıqca Azərbaycan və Rusiyanın qarabağdakı fəaliyyəti birgə fəaliyyət deyilmi?

Qarabağda yaşayan və Azərbacan hökumətinin danışmaq istədiy vətəndaşlarımız kimlərdir, Putinin Vardanyan vasitəsiylə devirmək istədiyi və Azərbaycan prokurorluq orqanlarının da cinayət işi açdığı şəxslərmi? Belədirsə, bu məsələ necə tənzimlənəcək, dialoq harada baş vercək? Belə deyilsə o şəxslər kimlərdir və danışıq üçün onları kim necə müəyyən edəcək və ya edib? Onlarla hansısa vasitəçi varmı? Yeri gəlmişkən İlham Əliyev deyib ki, Brüsseldə növbəti görüşün dekabrın 7-də keçirilməsi planlaşdırılıb. Nikol Paşinyan bildirib ki, görüşə Fransa prezidenti Makronun qatılacağı təqdirdə iştirak edə bilər. Belə şəraitdə Brüsseldə görüşün keçirilməsi mümklün deyil. Yəni Brüssel prosesi pozulub. Əlbəttə, Fransa Senatının son qətnaməsindən sonra Əliyevi haqlı saymaq olar, amma bir şərtlə.

Sülhə sadiq olan, Rusiyaya qarşdır.

Əsas şərt odur ki, tərəflər Rusiyanın gizli görüşləri ifşa etməsini, Fransanın danışıqların ümidverici mərhələsində prosesə zərbə vuran addımlarını sülhə təhdid kimi qiymətləndirsin. Başlıcası isə Əliyev maksimum şəkildə hərbi əməliyyatlardan çəkinməldir. Çünki, istənilən hərbi əməliyyat Azərbaycanı və sülhü daha dərin bataqlığa çəkir. Azərbaycan bundna sonra sülhə nail olub, Rus qoşunlarını bölgədən çıxarmaq üçün çalışmalıdır. Yox əgər bir hərbi əməliyyat “olmazsa, olmaz”dırsa, o zaman Laçın dəhlizinə giriş nəzarətə götürülməli və beynəlxalq missiya ilə birgə gömrük və sərhəd xidməti təmin edilməlidir. Bu həm Rusiyanın əl qolunu bağlayar, həm də dünyanın Azərbaycana qarşı qəzəbli olmasını neytrallaşdırar. Əks halda sülhün ciddi bir təhdid altında olduğu açıq görünür və Rusiyanın sülhü pozma işində tək olmadığı da sezilir.

Seymur Həzi

Mənbə: Turan.az

Bənzər yazılar

Back to top button