GündəmManşetÖnə çıxanlarSiyasət

Prezident İlham Əliyev və Nikol Paşinyan əsirlərin “hamını hamıya” prinsipi üzrə dəyişdirilməsinin mümkünlüyünü müzakirə ediblər

Sankt-Peterburqda MDB ölkələri başçılarının qeyri-rəsmi sammiti çərçivəsində prezident İlham Əliyev və Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın görüşü olub. Görüş zamanı Qarabağ münaqişəsinin nizamlanması və atəşkəs rejiminin möhkəmləndirilməsi müzakirə olunub Bu barədə Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri Hikmət Hacıyev AzərTAC Dövlət Agentliyinə müsahibəsində bildirib.

“Son dövrlərdə qoşunların təmas xətti və dövlət sərhədi boyunca nisbi sakitlik mövcuddur. Bu da münaqişənin həlli üzrə substantiv və intensiv danışıqların aparılması üçün yaxşı fon yaradır. Bu, əsla münaqişənin dondurulması və ya qəbuledilməz olan status-kvonun saxlanması anlamına gəlməməlidir”, – H.Hacıyev bildirib.

Həmçinin əsirlərin dəyişdirilməsi məsələsinə toxunulub. İ.Əliyev deyib ki, “hamının hamıya” prinsipi əsasında dəyişdirmə tam olmalı və o cümlədən Dilqəm Əsgərov və Şahbaz Quliyev onların arasında yer almalıdır.

Onun fikrincə, belə dəyişmə danışıqlar prosesinə müsbət təsir göstərə bilər.

İki ölkə arasında operativ əlaqənin saxlanmasına gəlincə, H.Hacıyev deyib ki, Düşənbədə iki ölkə lideri arasında razılıq əldə edilmişdi ki, zəruri hallarda əlaqə yaratmaq üçün imkanlar təmin edilsin. Lakin bu əlaqələr XİN və ya Müdafiə Nazirliyi səviyyəsində deyil. “Bu əlaqələr aşağı səviyyədə həyata keçirilir”, – H.Hacıyev vurğulayıb, ancaq söhbətin hansı səviyyədən getdiyini açıqlamayıb.
***
Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan cümə günü jurnalistlərə Sankt-Peterburqda prezident İlham Əliyevlə görüşündən danışıb. “Biz əsirlərin dəyişdirilməsi haqda danışdıq.

Razılıga gəlmədik, ancaq müzakirələr davam edəcək. Bilirsiniz ki, onlar “hamını hamıya” prinsipi üzrə hərəkət etməyi təkif ediblər. Ancaq bizim bir problemimiz var. Qarabağ rəhbərliyi ilə müzakirə etmək lazımdır. Biz danışıqlar prosesinin fraqmentləri haqda və digər məsələlərdən danışdıq”, – Paşinyan bildirib.

O qeyd edib ki, Azərbaycan prezidenti ilə görüş Avrasiya İqtisadi Şurasının iclasından sonra nahar vaxtı baş tutub. (Turan.az)

Bənzər yazılar

Back to top button