Hadisə

Bəzən məhkəmələr vətəndaşların dövlət orqanlarına qarşı iddialarını təmin edirlər

Azərbaycanlılar nadir hallarda dövlət orqanlarından məhkəməyə şikayət edirlər. Belə hesab edilir ki, Azərbaycan məhkəmələri vətəndaşların yox, birmənalı olaraq dövlətin maraqlarını müdafiə etməyə borcludurlar. Amma bəzən gözlənilməz hallar baş verir – məhkəmələr adamların xeyrinə və dövlət təşkilatlarına qarşı iddiaların təmin edilməsi üçün qərarlar çıxarırlar.

Gəncədə fəaliyyət göstərən “Finest Tobacco” MMC-nin baş direktoru Orxan İsmayılov idxal siqaretlərin satışı üçün zəruri olan aksiz markalarını Maliyyə Nazirliyindən ala bilmədiyindən müflisləşmə həddində və müəssisəni bağlamaq ərəfəsində idi. Şirkət iki il ərzində fəaliyyətini dayandırmağa məcbur olub.

Turan “Finest Tobacco” ilə Maliyyə Nazirliyi arasındakı münaqişə barədə “Maliyyə Nazirliyi prezidentin aksiz markaları haqqında fərmanını icra edə bilmədiyini təsdiqləyib” məqaləsində yazıb.

İsmayılov məhkəməyə müraciət edib. Oktyabrın 4-də Gəncə İnzibati Məhkəməsi Maliyyə Nazirliyinin aksiz markalarını məcburi verməsilə bağlı İsmayılovun iddiasına baxıb və onu təmin edib.

Maliyyə Nazirliyi Gəncə İnzibati Məhkəməsinin qərarının ləğv edilməsi xahişilə Apellyasiya Məhkəməsində iddia qaldırıb. İşə dekabrın 9-da baxılacaq.

Vətəndaşın xeyrinə ədalətli məhkəmə qərarı ilə bağlı ikinci hadisə: “Silk Way” aviaşirkətinin təlimatçı-naviqatoru İqor Ələsgərov təhlükəsiz iş üçün çənlərində yetərincə yanacaq olmayan təyyarələrin uçuşu barədə hesabat qeydlərində məlumat verdikdən sonra bu vəzifədən azad edilib.

Turan bu barədə “Şturman “Silk Way” aviaşirkətini ittiham edir” məqaləsində yazıb.

Ələsgərov pilotları təyyarələri yetərsiz miqdarda yanacaqla doldurmağa məcbur edən şirkət məmurlarının günahı ucbatından hava gəmilərində təhlükəli halların baş verməsi barədə bildirib.

Ələsgərov məhkəməyə şikayət edib. İş Azərbaycan Ali Məhkəməsinə qədər gəlib çatıb. Oktyabrın 28-də Ali Məhkəmə təlimatçı-naviqatorun əvvəlki vəzifəsinə bərpa olunması barədə iddiasının təmin edilməsinə dair qərar qəbul edib. Ələsgərov “Silk Way” şirkətində fəaliyyətini davam etdirir.

“Əvvəlki yerimdə çalışdığım üçün məmnunam. Ali Məhkəmənin qərarı ilə 25 aylıq məcburi işsizliyə görə maaşımın hamısı mənə ödənildi”, – İqor Aleskerov Turan-a bildirib.

Bənzər yazılar

Back to top button