Siyasət

Əliyev və Riker gərginliyin artması fonunda nizamlanma prosesini müzakirə ediblər

Bazar ertəsi prezident İlham Əliyev ABŞ-ın Qafqazda münaqişələr üzrə xüsusi nümayəndəsi Filip Rikeri qəbul edib.

Görüş zamanı Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması məsələləri müzakirə edilib, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanması məqsədilə noyabrın 8-də iki ölkənin xarici işlər nazirlərinin Vaşinqton görüşünə dair fikir mübadiləsi aparılıb.

Filip Riker qeyd edib ki, ABŞ Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesini daim diqqət mərkəzində saxlayır, Azərbaycan prezidentinin saytında deyilir.

Qeyd edək ki, vasitəçilərin fəallığına baxmayaraq, son bir həftədə danışıqlar prosesi pozulub. Əliyevlə Paşinyanın dekabrın 7-də Brüsseldə nəzərdə tutulan növbəti görüşü baş tutmayıb. Səbəb Paşinyanın Fransa prezidenti Makronun qatılmadığı görüşdə iştirakdan imtina etməsidir.

Bundan öncə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Yerevanda keçirilən sammitində qalmaqal yaranıb. Ermənistan yekun sənədlərin imzalanmasına mane olub, çünki sənədlərə “Azərbaycanın Ermənistana qarşı təcavüzü” barədə bəndin daxil edilməsinə nail olmayıb.

Bundan sonra danışıqlarda rusiyalı vasitəçi İqor Xovayev Bakıya gəlib, Əliyevlə nizamlanma prosesini müzakirə edib.

Bunun ardınca İlham Əliyev bildirib ki, bu ilin sonuna qədər Ermənistanla imzalanması nəzərdə tutulan sülh müqaviləsi Yerevanın hərəkətləri ucbatından baş tutmayıb.

Bütün bunlar Qarabağda və Ermənistanla dövlət sərhədində vəziyyətin gərginləşməsi fonunda baş verir, atışmaların intensivliyi durmadan artır.

Bənzər yazılar

Back to top button