Dünya

NATO ölkələrinin nazirləri diqqəti Rusiyanın hücumları və müharibənin nəticələri üzərində cəmləşdirəcəklər

NATO ölkələrinin xarici işlər nazirləri Rumıniyada keçiriləcək görüşdə diqqəti Rusiyanın Ukraynaya endirdiyi raket zərbələri və onların nəticələri üzərində cəmləşdirəcəklər, bu barədə bazar ertəsi ABŞ-ın NATO-dakı səfiri Culianna Smit bildirib, xəbəri Turan-ın Vaşinqtondakı müxbiri verib.

“Ukraynanın kritik əhəmiyyətə malik infrastrukturuna hücumları müzakirə edəcəyik. Aydındır ki, bu, rusların qış gəldikdə Ukrayna xalqını soyuqda və qaranlıqda qoymaq üçün işləyib hazırladığı taktikadır”, deyə Smit Dövlət Departamentinin Brüssel Media Mərkəzi tərəfindən təşkil edilmiş brifinqdə bildirib.

Onun sözlərinə görə, müttəfiqlər Ukraynaya humanitar, iqtisadi dəstəyin və müdafiə dəstəyinin davam etdirilməsi yollarını müzakirə edəcəklər. Danışıqlarda Rusiyanın Ukraynanın infrastrukturuna hücumlarının bilavasitə təsirini hiss edən Bosniya və Herseqovina, Moldova və Gürcüstan, Ukraynanın qonşuları və NATO üzrə tərəfdaşları da iştirak edirlər.

“Müttəfiqlər ümimiyyətlə Ukraynadakı təhlükəni başa düşürlər. Aydındır ki, söhbət Ukraynanın ərazi bütövlüyündən və suverenliyindən, amma həm də bizim önəm verdiyimiz dəyərlərdən gedir. NATO dövlət başçıları təhlükəni başa düşürlər və Ukraynanı nə qədər lazım gələrsə, o qədər dəstəkləməyə davam etmək qətiyyətindədirlər”, deyə o əlavə edib.

Turan-ın müxbirinin Cənubi Qafqazda Rusiya təhlükəsinin artıb-artmadığı barədə sualına cavabda Smit deyib ki, Alyans “Gürcüstan xalqına hansı köməyi təklif edə biləcəyi barədə getdikcə daha çox düşünür”.

Bənzər yazılar

Back to top button