Siyasət

Bir neçə il əvvəl Bakıya gələn Pozner necə ermənipərəst olub?..

Ermənipərəst mövqeyi ilə tanınan rusiyalı jurnalist və aparıcı Vladimir Pozner Azərbaycan gündəminin əsas simalarından birinə çevrilib. Buna səbəb də onun Kaliforniyada çıxışı zamanı Dağlıq Qarabağla bağlı xoşagəlməyən fikirləri və azərbaycanlı tələbə Arzu Məmmədovanın onu susdurmasıdır.

Kifayət qədər peşəkar jurnalist sayılan bir şəxsin beynəlxalq qanunları bu qədər tapdalaması, Azərbaycana qarşı qərəzli mövqe sərgiləməsi ölkəmizdə hiddətlə qarşılanıb. Eyni zamanda onun ermənipərəst mövqedən çıxış etməsi ciddi suallar yaradır ki, bu da səbəbsiz deyil. Çünki o, yəhudi əsillidir və yəhudilərin ermənilərə münasibətləri heç də xoş deyil. Eyni zamanda Pozner üç həmsədr ölkənin-Rusiya, ABŞ və Fransanın vətəndaşıdır. Belə ehtimallar var ki, rusiyalı jurnalistin erməni lobbisi yaxın əlaqəsi mövcuddur və onu danışdıran əslində ermənilərdir. Hətta onun bunun qarşılığında maliyyə aldığı barədə iddialar səslənir.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyilənlərlə razılaşır:

“Vladimir Pozner SSRİ-nin məşhur jurnalistlərindən sayılırdı. Onun ulduzu 1980-ci illərin ortalarında SSRİ ilə ABŞ arasında telekörpülər vasitəsilə parlamışdı. Pozner həmin telekörpülərdə SSRİ tərəfdən aparıcı idi. O, həmin proqramlarda SSRİ-nin maraqlarını var gücü ilə müdafiə edir, kapitalizmi pisləyir və yalandan deyirdi ki, SSRİ-də insan hüquqları ilə bağlı heç bir problem yoxdur. SSRİ dağıldıqdan sonra Pozner liberal dünyagörüşlü jurnalist oldu. Ancaq onun liberallığı da süni idi. Pozner sonrakı illərdə elə də ciddi rezonans doğuran yazısı və televiziya layihəsi ilə yadda qalmadı. Buna baxmayaraq, Amerika fondları onun fəaliyyətini dəstəkləməyə başladılar.

Elə bu fondların biri vasitəsilə Pozner bir neçə il əvvəl Bakıya gələrək bir qrup jurnalist üçün kurs keçdi. O, Bakıda Dağlıq Qarabağ münaqişəsindən danışmadı, ümumiyyətlə, bu mövzuya toxunmadı. Ancaq nə oldusa o da ermənipərəst jurnalistlərin sırasına qatıldı. Görünür, Poznerin Amerika ilə bağlılığı onu Amerikadakı erməni lobbisi ilə bağlılığına da gətirib çıxardı. Ortada pul söhbəti olduğu halda Pozner liberal dəyərlərini tez unutdu. Əsl liberal işğala və qətliamlara dəstək verməməlidir. Pozner isə faktiki işğalçının tərəfini tutub və onun Xocalı soyqırımını kimin törətməsi maraqlandırmır. Pozner kimi ermənipərəstlərlə mübarizəni davam etdirmək lazımdır və çox təqdirəlayiq haldır ki, o, Amerikadakı çıxışında gənc soydaşımızın sərt sualı ilə üzləşib. Bəlkə də Pozner gözləmirmiş ki, erməniləri tərifləyəndə və işğala haqq qazandıranda konfrans zalında azərbaycanlı ola bilər və ona kəskin reaksiya verəcək. Pozner kimilər anlamalıdırlar ki, yalanlarına qarşı hər yerdə və hər zaman əks arqumentlə üzləşəcəklər. Bəlkə bundan sonra bu cür ermənipərəstlər bir az özlərini yığışdıralar”.

Beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli təəssüfləndiyini dilə gətirdi:

“Pozner nüfuzlu və tanınmış jurnalistdir. Çox təəssüf ki, belə bir ictimai fiquru ermənilər ”verbovka” edə biliblər. Bu barədə xüsusi səbəblər bəlli olmasa da, sanki Türkiyəyə və Azərbaycana qarşı münasibətdə onun rus və yəhudiliyi deyil, fransız kimliyi qabarır və həqiqətən də bu, bizim prizmamızdan çox pis bir olaydır. Üstəgəl, onun nifrəti patoloji xarakter daşıyaraq, sırf Azərbaycan adına deyil, türk ifadəsinə qarşı olduğu üçün özünü büruzə verir. Hisslərini açıq-aşkar türk nifrəti ilə süsləyən bir şəxsdən obyektivlik, media tərəfsizliyi gözləmək mümkün deyil. O, təkcə Rusiyada deyil, elə bütün dünyada nüfuzlu ermənilər tərəfindən də əhatələnib. Hesab edirəm ki, müəyyən dövrdə bizim və Türkiyənin passivliyi bir çox vacib şəxslərin ermənilərin yanında yer almasına səbəb olub. Azərbaycan bu günə qədər 800 nəfərdən artıq şəxsi Dağlıq Qarabağa səfər etdiyinə görə qara siyahıya salıb. Eləcə də Pozneri… Amma təəssüf ki, gücümüz bundan artığını etməyə çatmadı. Yəhudilik məsələsinə gəldikdə, görünür ki, Pozner öz xalqının, babalarının soyqırıma məruz qaldığı dönəmlər barədə oxuduqlarını unudub və güman ki, bu şəxs külli miqdarda maliyyə və hansısa maraqlar müqabilində Azərbaycana qarşı düşmən münasibətlər sərgiləməkdədir”.

Mənbə: Musavat.com

Bənzər yazılar

Back to top button