Hadisə

Taleh Bağırzadə aclığı davam etdirir

“Müsəlman” Birliyi Hərəkatının lideri, həbsdə olan Taleh Bağırzadənin səhhətində problemlər yaranıb. Bu barədə Turan-a vəkil Bəhruz Bayramov bildirib. Noyabrın 29-da o, digər vəkil Fəxrəddin Mehdiyevlə birlikdə 12 saylı koloniyada saxlanılan Bağırzadəyə baş çəkib.

Vəkilin sözlərinə görə, Bağırzadə ötən şənbə günündən aclıq edir və yalnız su içir. “Vaxtaşırı hərarəti yüksəlir var. Onu digər məhbuslardan təcrid etməyiblər, həkim nəzarətinə götürməyiblər”, -vəkil deyib.

Onun sözlərinə görə, Bağırzadə hüquqlarının pozulmasına və qeyri-insani rəftara son qoyulmasını tələb edir, eyni zamanda, fiziki təzyiqlərdən şikayət etməyib. O, özünün və tərəfdarlarının İranla əlaqələrinə dair ittihamları rədd edir.

“O deyib ki, hər zaman Azərbaycanın müstəqilliyini dəstəkləyib. İkinci Qarabağ Müharibəsi zamanı Bağırzadə və onun Hərəkatı İranı işğalçı Ermənistanın yox, müsəlman Azərbaycanın tərəfində olmağa çağırıblar.

“Müsəlman” Birliyi Hərəkatı Zəngəzur dəhlizini əngəlləməyə çalışan İranın mövqeyinə qarşı çıxıb”, – vəkil sözlərinə davam edib.

Bağırzadənin xanımı Leyla İsmayılzadə Turan-a bildirib ki, noyabrın 29-da axşam Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakı nümayəndəliyindən ona zəng ediblər.

Taleh aclıq aksiyasına başlayanda Qızıl Xaça müraciət etdim ki, onun vəziyyətilə maraqlansınlar. Dünən axşam saat beşə yaxın mənə dedilər ki, 12 saylı koloniyadan Qırmızı Xaç Komitəsinə bildieiblər ki, Taleh ayrı otağa yerləşdirilib və tibbi müayinədən keçirilib”, – İsmayılzadə deyib.

Bundan öncə Penitensiar Xidmət Bağırzadənin aclıq etməsi barədə deyilənləri təkzib edib.

*2015-ci ildə Bağırzadə Nardaranda keçirilən xüsusi əməliyyat zamanı həbs edilib və terrorizm, konstitusiya quruluşunu dəyişdirməyə cəhd, qanunsuz silahlı qrup yaratmaq və digər ittihamlarla 20 il müddətinə azadlıqdan məhrum edilib. O, siyasi məhbus kimi tanınıb.

Bənzər yazılar

Back to top button