Hadisə

Neftçala rayonunun Mayak kəndində balıqçılar etiraz aksiyası keçiriblər

Dekabrın 1-də Neftçala rayonunda Kürün sahilindəki yaşayış məntəqələrinin sakinləri Xəzər dənizinin suyunun çaya axmasının qarşısının alınması üçün çayda bəndin tikintisinin əleyhinə aksiya keçiriblər. Sakinlər iddia edirlər ki, bu bənd dəniz balıqlarının Kürdə kürü tökməsinə mane olacaq və bu da Kürdə balıqçılıq işinə ziyan vuracaq. Aksiyada yüzdən çox yerli sakin iştirak edib.

Mayak kəndində keçirilən aksiyanı polis müşahidə edib, vətəndaşlara qarşı zorakılıq tətbiq edilməyib, aksiya iştirakçısı, Neftçala sakini Xəyalə Ağalarova Turan-a bildirib.

Hadisə yerinə gələn rayon icra başçısının müavini Burcəli Ağayev vətəndaşlara Neftçala Rayon İcra Hakimiyyətinə yazılı müraciət olunmasını təklif edib və qanunvericiliklə müəyyən edilmiş qaydada cavab veriləcəyini vəd edib.

Amma sakinlər yerli hakimiyyətə inanmadıqlarını bildiriblər”, – Ağalarova deyib və qeyd edib ki, İcra Hakimiyyəti sakinlərin bəndin tikintisinin dayandırılması ilə bağlı sakinlərin tələblərinin yerinə yetiriləcəyinə söz verməyib.

Onun sözlərinə görə, əgər adamların tələbləri yerinə yetirilməsə, Kürdə bəndin tikintisinin dayandırılması üçün mübarizəni davam etdirəcəklər.

Bəndinn hündürlüyü çayın səthindən 1 metr hündürlükdə müəyyən edilib”, – Kürdə işləri aparan iş icraçısı Ağalarovaya bildirib.

Demokratiyaya Yardım Assosiasiyasının sədri Emil Məmmədov (Salyan) da bəndin tikintisinin əleyhinə çıxış edib. O, Turan-a bildirib ki, hazırda Kürdə aparılan işlər Neftçala və Salyan əhalisinin yoxsullaşmasına gətirib çıxaracaq, belə ki, onlar üçün balıq tutmaq və satmaq yeganə gəlir mənbəyi olaraq qalır. Məmmədov bəndin kürü tökən dəniz balıqlarının Kürə buraxılması problemini həll edəcəyinə də inanmır.

“Hakimiyyətə yaxın adamlar bəndin yanında brakonyerlik edəcək, bütün balıqları çıxaracaq və digər balıqçılara heç nə saxlamayacaqlar”, – o deyib.

Neftçala Rayon İcra hakimiyyətində Turan-ın suallarını cavablandırmayıblar. Telefonu götürən işçi informasiya şöbəsinə müraciət etməyi məsləhət görüb. Amma orada telefona cavab vermirlər.

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Turan-a bildiriblər ki, onların Kürdə, Mayak kəndi ərazisindəki işlərə aidiyyatı yoxdur və Neftçala İcra Hakimiyyətinə müraciət etməyi məsləhət görüblər.

Bənzər yazılar

Back to top button