AnalitikaManşetSiyasət

Rusiyanın “Yeni Qafqaz Siyasəti”: Azərbaycanı nə gözləyir və biz hansı addımları ata bilərik?

Rusiyanın 44 günlük müharibənin son günü Qarabağda reallaşdırmağa başladığı “Yeni Qafqaz Siyasəti” davam edir. Söhbət Ermənistanın (daha doğrusu, Rusiyanın) Azərbaycana qarşı başlatdığı təcavüzün “status quo” vəziyyətindən gedir. Bu isə 1988-ci ilin əvvəllərində həyata keçirilmiş siyasətin təkrarı deməkdir.

Xatırladım ki, 44 günlük müharibənin ardınca yaranan hərbi-siyasi vəziyyət əksər əlamətləri ilə elə həmin 1988-ci ilin əvvəllərini xatırladır. Bir o fərqlə ki, ermənilər Hadrutu itirib, biz isə Xocalını qaytarmamışıq. Xocalıda soyqırım törədən 366-cı alayı isə bu gün sayca ondan iki dəfə çox olan Rusiya “sülhməramlıları” əvəz edir.

Bundan başqa Rusiya Qarabağın dağlıq hissəsində yeni separatçı liderlər yetişdirməkdə və bədnam “Üçtərəfli Bəyanata” əsasən tərksilah etməli olduğu qanunsuz erməni silahlı dəstələrini əksinə silahlandıraraq yeni təxribatlara ruhlandırmaqdadır. Amma Kremlin köhnə “yeni siyasəti” bununla da məhdudlaşmır.

Moskva həm Ermənistanda, həm də Azərbaycanda siyasi destabilizasiya yaratmaq üçün yeni-yeni layihələrə start verməkdədir. Bəs belə destabilizisiya Rusiyanın nəyinə lazımdır? Bunun üçün ən azı 2 səbəb var: 1. bölgəni öz nəzarətinə qaytarmaq və 2. onun üzərindən öz geosiyasi maraqlarını reallaşdırmaq.

Göründüyü kimi, bütün bu, çoxpilləli siyasət yuxarıda göstərilən səbəblərdən (əsasən) ikincinin həyata keçirilməsinə yönəlib. Qalan bütün addımlar isə zəncirin ayrı-ayrı halqalarıdır. Burda da yeni ssenari lazım deyil, 30 il əvvəl uğurla tətbiq olunmuş strategiyanı kənara atıb “velosiped icad etmək” yanlış olardı.

Amma həmin dövrdən ciddi bir fərq də odur ki, indi Rusiya Cənubi Qafqaza təsir məsələsində tək deyil. Bunu da mövcud regional və geosiyasi vəziyyət diqtə edir. Elə bu səbəbdən də Moskva növbəti Azərbaycan – Ermənistan müharibəsini təhrik etməkdə çətinlik çəkir.
Həm də ona görə ki, onun geosiyasi rəqibləri (onlar isə az qala bütün regional və qlobal güclərdir) Azərbaycan – Ermənistan münasibətlərinə müdaxilə etməklə Rusiyanın planlarına ciddi şəkildə mane olurlar. Onlar sülh danışıqlarını davam etdirməkdə israrlıdırlar və həm də prosesə real təsir imkanlarına malikdirlər.

Belə olduğu halda da təklənmiş Putin rejiminin hər iki ölkədə siyasi destabilizasiya yaratmaqdan başqa yolu qalmır. Ona görə ki, yalnız siyasi destabilizasiya Rusiyanın bölgəyə hərbi müdaxiləsinə rəvac verə bilər. Amma belə bir ssenarini reallaşdırmaq da ilk baxışdan göründüyü qədər sadə deyil.

Belə ki, bir çox məsələlərdə Moskva ilə razılaşmağa hazır olan yerli hakimiyyətlər öz maraqlarını qorumaq məsələsində kifayət qədər qətiyyətlidirlər. Paşinyan hakimiyyətini KTMT-nin vasitəsilə dəstək vəd etməklə şirnikləndirən Moskvanın İrəvanı savaşa sürükləmək planı fiaskoya uğradı. Paşinyan yekun sənədə imza atmadı.

Azərbaycanla bağlı vəziyyət isə daha mürəkkəbdir: Bakının müttəfiqlərinin və tərəfdaşlarının həm sayı, həm də böyük siyasətə təsiri yetərincədir. Belə olduqda da Kremlin Azərbaycanın xaricindəki resurslarını səfərbər edərək Əliyev hakimiyyətini təhdid etməklə vəziyyəti dəyişməkdən başqa yolu qalmır.

Bu isə sınanmış və vaxtilə uğurla tətbiq edilmiş metoddur. Xatırladım ki, 2013-cü il prezident seçkiləri ərəfəsində yaradılmış “Milyarderlər İttifaqının” əsas missiyası təhdid aləti rolunu oynamaq idi. Nəticədə İlham Əliyev Xəzərin statusuna dair Rusiya tərəfindən təklif olunan konvensiyaya razılaşmağa məcbur oldu.

Amma həmin (və ya eyni sxem üzrə işləyən) alət də bu gün səmərəsiz ola bilər. Əvvəla ona görə ki, artıq bölgə ətrafında durum 9 il əvvəlki deyil, ikincisi – Azərbaycanı dəstəkləyən tərəflər var, üçüncüsü – vəziyyətə nəzarəti əldə saxlamaq məqsədilə atılan addımlar daxili sabitliyi qorumaq imkanlarını artırır.

Bir amili də qeyd etməmək yanlış olardı: Ukraynaya qarşı başlatdığı müharibə nəticəsində ağır sanksiyalara məruz qalan Moskvanın resursları da həmin dövrdəki qədər deyil. Rusiya oliqarxlarının az qala hamısı total sanksiyalara məruz qaldığından onlar zəhər dişi çəkilmiş ilandan artıq ola bilməzlər.

Əksinə, İlham Əliyev hakimiyyətinin vəziyyəti o dövrdəkindən daha sabitdir. Motivasiyası, ideoloji platforması və sosial siyasəti baxımından zəif görünən hakimiyyət resursların (inzibati, maliyyə, media və s) öz əllərində cəmlənməsi baxımından həmin dövrdəkindən daha mərkəzləşmiş durumdadır.

Digər bir amil isə siyasi və geosiyasi proseslərin aktiv fazasında həlledici rol oynayan fiziki gücdur ki, onun da təsir imkanları son dövrlər açıq-aydın görünməkdədir. Repressiv aparat var gücü ilə iş başındadır və Moskvanın atmağa çalışdığı addımların qarşısını almaq üçün hazır vəziyyətdədir.

Odur ki, 2013-cü ildə bir dəstə oliqarxı birləşdirməklə məqsədlərinə nail olan Rusiyanın indiki mərhələdə rəsmi Bakını ayrı-ayrı oliqarxlarla təhdid etməsi nəinki səmərəsiz, hətta kontrproduktiv ola bilər. Yaranmış vəziyyətdə özünə təhlükə hiss edən Əliyev hakimiyyəti Rusiya 5-ci kolonuna zərbələrini intensivləşdirə bilər.

Eyni addımlar da Moskvaya bağlı milyarder-oliqarxların siyasi hakimiyyətə şirnikləndirilməsi ilə bağlı atıla və sonda onların sıradan çıxarılması ilə nəticələnə bilər. Bunun da asanlıqla baş tutacağına heç bir şübhə yoxdur, çünki Moskvanın Azərbaycanda siyasi hakimiyyətə (guya) gətirmək istıdiyi oliqarxların nə siyasi təcrübəsi, nə də müvafiq komandası var.

Bu, isə öncədən iflasa məhkum olduğunu bilə-bilə qaydalarını mükəmməl mənimsəmədiyin oyuna qatılmaqdan başqa bir şey olmazdı. Belə bir ssenari həm də ona görə baş tuta bilməz ki, Bakıdakı hakim oliqarxiya (həm də) maliyyə resursları baxımından heç də Rusiyanın azərbaycanlı oliqarxlarından zəif durumda deyil.

Deməli, daha bir mümkün ssenari də səmərəsiz görünür. Belə olduqda Moskva daha hansı addımları ata bilər? Daha inandırıcı görünən Azərbaycanı Qarabağın dağlıq hissəsindəki separatçılara qarşı hərbi əməliyyatlara çəkmək olardı ki, bu da Rusiyaya 2008-ci il Gürcüstan ssenarisinə əl atmağa imkan yaradardı.

Amma burada da hər şey 2008-ci ildə Gürcüstanda olduğu kimi sadə deyil. Əvvəla, Qarabağdakı “sülhməramlıların” heç bir mandatı və hətta rəsmi statusu da yoxdur. İkincisi, bu halda “Şuşa Bəyənnaməsi” işə düşə bilər. Üçüncüsü, Azərbaycan sadəcə hələlik heç bir aktiv əməliyyata əl atmaya bilər.

Bunun üçün öncə “sülhməramlıları” müntəzəm olaraq məlum bəyanatın şərtlərini pozmaqda ittiham etmək əməliyyata hazırlıq mərhələsi kimi və vaxt udmaq baxımından daha səmərəli variant ola bilər. Vaxt isə konkret halda və konkret məsələdə Moskvanın əleyhinə işləyir. Hələlik görünən də budur.

Amma bunu da unutmamalıyıq ki, 300 illik imperiyanın istər resursları, istərsə də təsir vasitələri düşündüyümüzdən qat-qat çoxdur. Odur ki, xarici təsir vasitələrinin imkanlarının məhdud olduğu şəraitdə diqqət əsasən daxilə yönəldilməlidir.

Bunun da yeganə səmərəli və etibarlı yolu repressiyalar, təzyiqlər deyil, əksinə, cəmiyyət-hakimiyyət münasibətlərinin sağlam müstəviyə keçirilməsidir. Yalnız bu halda ölkə daxilində dayanıqlı ictimai-siyasi sabitliyə nail olmaq mümkündür.

Ərəstun Oruclu, politoloq

Bənzər yazılar

Back to top button