Siyasət

Bayramov və Borrel Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin perspektivlərini müzakirə ediblər

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT ölkələrinin Xarici İşlər Nazirləri Şurasının 29-cu iclası çərçivəsində Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Josep Borrel ilə görüşüb.

Azərbaycan Xarici İşlər Nazirliyi bildirib ki, görüşdə Azərbaycanla Avropa İttifaqı arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələləri, münasibətlərin gələcək inkişafı perspektivləri, həmçinin energetika sahəsində əldə edilmiş razılaşmaların icrası müzakirə olunub.

Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesinin irəliləmə və bunda Avropa İttifaqının rolu ətrafında fikir mübadiləsi aparılıb.

“Bayramov bildirib ki, Ermənistan normallaşma prosesinə maneələr yaradır, liderlər səviyyəsində əldə olunmuş öhdəliklərdən yayınır, danışıqlar prosesi barədə yanlış təsəvvür yaradır.

Nazir işğaldan azad edilmiş ərazilərdə mina təhlükəsinə də diqqəti yönəldib”, – məlumatda deyilir.

Öz növbəsində Borrel qeyd edib ki, Azərbaycanla Avropa İttifaqı arasında energetika sahəsində strateji tərəfdaşlıq münasibətlərinin inkişafı üçün böyük potensial var. O, həmçinin deyib ki, Avropa İttifaqı Bakı və Yeravan arasında münasibətlərin normallaşması prosesinə dəstəyi davam etdirmək niyyətindədir.

Görüşdə tərəflər qarşılıqlı maraq doğuran digər məsələləri də müzakirə ediblər.

Bənzər yazılar

Back to top button