ManşetSiyasət

Ceyhun Bayramov: “Ermənistan götürdüyü öhdəlikləri yerinə yetirməkdən yayınmağa çalışır”

Azərbaycan münaqişədən sonrakı ərazilərdə yaşayan erməni əsilli vətəndaşları öz siyasi, sosial və iqtisadi məkanına inteqrasiya etməkdə, onlara bütün Azərbaycan vətəndaşlarının malik olduğu hüquq və azadlıqları verməkdə tam qətiyyətlidir. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov dekabrın 1-də Polşanın Lodz şəhərində ATƏT Xarici İşlər Nazirləri Şurasının 29-cu iclasında çıxışı zamanı bildirib.

Azərbaycan Konstitusiyası möhkəm hüquqi çərçivəni təmin edir. “Azərbaycanın mərkəzi hakimiyyət orqanları ilə etnik erməni əhali arasında son aylarda artan dialoq və təmaslar təşviq və davam etdirilməlidir”, – Bayramov qeyd edib.

Münaqişədən sonrakı bərpa işlərinə nazir qeyd edib ki, işğaldan azad edilmiş ərazilərin Ermənistan tərəfindən kütləvi şəkildə yerləşdirilmiş minalarla çirkləndirilməsi yenidənqurma işlərinə və məcburi köçkünlərin geri qayıtmasına əsas maneədir. Təəssüf ki, 2020-ci ilin noyabrında üçtərəfli bəyanatın imzalanmasından sonra 268 nəfər mina qurbanı olub. 35-i mülki şəxs olmaqla 45 nəfər həlak olub.

“Ermənistanın işğaldan azad edilmiş bütün ərazilərin tam və dəqiq mina xəritələrini Azərbaycana təqdim etməməsi yeni ölüm və xəsarətlər gətirir. Mina hadisələrinin təxminən 55 faizi Ermənistanın minalanmış sahəyə dair məlumatların təqdim edilmədiyi ərazilərdə baş verib. Bunun əksinə, Ermənistan Azərbaycan ərazilərində heç bir fərq qoymadan minaları basdırmağa davam edir. Bu yaxınlarda Azərbaycan ərazisində 350 mina aşkar edilib. Onların hamısı 2021-ci ildə Ermənistanda istehsal olunub Azərbaycanın suveren ərazilərində 2021-ci il Ermənistan istehsalı olan 2728 mina aşkar edilib. Bu minalar Laçın yolu ilə keçirilmişdir. Bu, yalnız humanitar məqsədlər üçün nəzərdə tutulmuş bu yoldan kobud sui-istifadədir”, – Bayramov deyib.

Azərbaycan münaqişədən sonrakı genişmiqyaslı bərpa, yenidənqurma və reinteqrasiya işləri ilə yanaşı, Ermənistanla dövlətlərarası münasibətlərin normallaşdırılması prosesinə də təşəbbüs göstərib. Bu il Brüssel, Praqa və Soçidə yüksək səviyyədə keçirilən görüşlərdə hər iki tərəf bir-birinin suverenliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını qarşılıqlı şəkildə tanıdıqlarını təsdiqləyib.

“Ermənistanın xarici işlər nazirilə dövlətlərarası münasibətlərə dair ikitərəfli müqavilənin hazırlanmasını müzakirə etmək üçün 3 dəfə görüşmüşəm. 7 noyabr 2022-ci ildə Vaşinqtonda keçirilən son görüşümüzdə biz bu məqsədlə danışıqları sürətləndirməyə razılaşdıq. Bu xüsusda, Azərbaycan artıq Ermənistana saziş layihəsilə bağlı şərhlərini təqdim edib”, – nazir deyib.

Azərbaycan dövlətlərarası münasibətlərin əsasını qoyan hüquqi qüvvəyə malik sənədin razılaşdırılmasını təklif edir. Bu sənəd iki bərabər suveren dövlətin hüquqlarına təminat verir və qarşılıqlı maraq doğuran bütün məsələlərin həlli üçün əsas sayılır.

Lakin Ermənistan imitasiya praktikasına sadiq qalır və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən yayınmağa çalışır. Ermənistan hələ də öz qanunsuz silahlı birləşmələrini Azərbaycan ərazilərindən tam çıxarmayıb.

Ermənistan Azərbaycan və Naxçıvan Muxtar Respublikası arasında maneəsiz girişi təmin etməkdən imtina etmək daxil olmaqla, nəqliyyat əlaqələrinin bərpasını süni şəkildə gecikdirir. Əvəzində Ermənistan normallaşma gündəmini ələ keçirmək və diqqəti üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməkdən yayındırmaq üçün Azərbaycana qarşı qarayaxma kampaniyasına başlayıb.

Bəzi üçüncü tərəflərin Ermənistanın revanşist davranışını cəsarətləndirməkdəki rolu da ciddi narahatlıq doğurur, çünki bu, Ermənistanı artan hərbi təxribatlara və müharibəni qızışdıran ritorikaya əl atmağa sövq edir.

Bayramov qərarların qəbulu zamanı təşkilatda konsensus prinsipini pozaraq Ermənistana “ATƏT-in ehtiyacların qiymətləndirilməsi missiyası”nın göndərilməsini də tənqid edib. Onun sözlərinə görə, bu, bütün iştirakçı dövlətlərin kollektiv iradəsilə qəbul edilmiş mandatın açıq şəkildə pozulmasıdır.

Bənzər yazılar

Back to top button