Siyasət

Azərbaycan və Ermənistan arasında Praqada əldə olunan razılaşmalar “əhəmiyyətli mərhələdir” – Lavrov

Rusiya Azərbaycan və Ermənistan arasında BMT Nizamnaməsi və Alma-Atı Bəyannaməsi əsasında sülh müqaviləsi əldə edilməsi haqqında razılaşmaları dəstəkləyib. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycan XİN başçısı Ceyhun Bayramovla danışıqların yekunlarına dair keçirilən birgə mətbuat konfransında səsləndirdiyi bəyanatdan belə nəticə çıxır.

“Biz əvvəlki kimi tərəflərə kömək etməyə hazırıq, prinsipial məsələləri müəyyən etmək vacibdir. Praqada dövlət başçılarının əldə etdikləri razılaşmalar əhəmiyyətli mərhələdir. Onlar bütün problemlərin BMT Nizamnaməsi və Alma-Atı Bəyannaməsi əsasında həll edilməsinə yönəldiklərini təsdiq ediblər”, deyə RF XİN başçısı bildirib.

Qeyd edək ki, MDB-nin yaradılması haqqında 1991-ci il tarixli Alma-Atı Bəyannaməsində bütün iştirakçı dövlətlərin sovet respublikalarının sərhədləri daxilində bir-birinin ərazi bütövlüyünü qarşılıqlı olaraq tanıması nəzərdə tutulur.

Lavrov həmçinin jurnalistlərə Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması üzrə Moskva layihəsi haqqında danışıb. “Moskva layihəsi çoxdan, hələ bu ilin əvvəllərində hazırlanıb və Rusiyanın ortaq baza tapmaq səylərinin göstəricisi olaraq tərəflərə təqdim edilib. Layihə hər iki ölkə tərəfindən müsbət qarşılanıb. İndiyədək Azərbaycanın təklif etdiyi beş prinsip də təqdim edilib, daha sonra Paşinyanın bu prinsiplərə reaksiyası olub”, deyə o bidlirib.

RF XİN başçısı eyni zamanda əlavə edib ki, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Vaşinqton görüşündə Azərbaycan tərəfi mümkün sənədin növbəti versiyasını, ABŞ paytaxtından qayıtdıqdan sonra isə Ermənistan nümayəndələri öz əks təkliflərini təqdim ediblər.

Bayramov öz növbəsində qeyd edib ki, Bakı və Yerevan arasında münasibətlərin normallaşması üçün ən mühüm amil Rusiyanın iştirakı ilə üçtərəfli bəyanatların tam icrasıdır.

Amma bir sıra hallar buna mane olur: erməni silahlı birləşmələri Azərbaycan ərazilərindən tamamilə çıxarılmayıb, mina təhlükəsi davam edir.

Bayramov qeyd edib ki, Azərbaycan ərazisində Ermənistanın 2021-ci ildə istehsal etdiyi 2700 mina aşkar edilib, bu da Laçın dəhlizindən təyinatına uyğun olmayan istifadəyə dəlalət edir.

Bayramovun sözlərinə görə, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi layihəsi ilə bağlı danışıqların üçüncü mərhələsi ilin sonuna qədər keçirilə bilər.

“Azərbaycan tərəfin üçüncü şərhlər paketi artıq Ermənistan tərəfə təqdim edilib və biz düşünürük ki, cari ilin sonuna qədər Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi layihəsi üzrə danışıqların üçüncü mərhələsinin keçirilməsi mümkün görünür”, deyə Bayramov bildirib.

Azərbaycan, onun sözlərinə görə, Qarabağda yaşayan ermənilərin də digər vətəndaşlarla eyni hüquqlara malik olacağına zəmanət verir.

Azərbaycan və Rusiya XİN başçıları Moskva görüşündə Qarabağda ekoloji vəziyyəti də müzakirə ediblər.

“Biz müəyyən vaxtı bu mövzuya həsr etdik. Sizin də dediyiniz kimi, Azərbaycan idarələrinin nümayəndələrinin Rusiya sülhməramlı kontingentinin iştirakı ilə işlər həyata keçirdiyini qeyd etdik. Digər hallarda olduğu kimi, üçtərəfli bəyanatlarda əksini tapan razılaşmaların yerinə yetirilməsi mövzusu ilə bağlı azərbaycanlı həmkarlarımızda yaranan bütün suallar bizim üçün prioritet əhəmiyyət kəsb edir. Yerlərdə hərbiçilərimiz bununla fəal şəkildə məşğul olurlar”, deyə Lavrov bildirib.

Xatırladaq ki, ötən şənbə Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri və AzerGold QSC Rusiyalı sülhməramlıların müşaiyəti ilə Azərbaycanın təbii ehtiyatlarının istismarının monitorinqi məsələlərinin müzakirəsi məqsədilə Qarabağda olublar.

Bənzər yazılar

Back to top button