ManşetSiyasət

İlqar Məmmədov: “Hakimiyyət siyasi sistemdə partiyanın nə olduğunu fəlsəfi və konseptual səviyyədə başa düşmür”

“Bu günədək Azərbaycanda 59 siyasi partiya qeydiyyatdan keçib. REAL bu qanunvericiliyin dəyişdirilməsilə bağlı təkliflər verən tərəflərdən biriydi və konseptual olaraq təkliflərimiz ondan ibarət idi ki, partiyaların hüquqi əhəmiyyəti ilk növbədə partiyanın seçkilərdə qazandığı səslərin sayından asılı olmalıdır”, – REAL-ın rəhbəri İlqar Məmmədov “Siyasi partiyalar haqqında” qanun layihəsini şərh edərkən jurnalist Yana Mədətovaya müsahibəsində bildirib. Qanun layihəsi siyasi isteblişmentdə çaşqınlıq yaradıb və qızğın mübahisələrə səbəb olub.

“Partiyanı neçə nəfərin təsis etməsinin, neçə üzvünün olmasının heç bir əhəmiyyəti yoxdur. Əgər hansısa partiya seçkilərdə layiqli səs toplayırsa, onun hüquqi statusuna heç bir şey mənfi təsir göstərməməlidir. Digər təkliflər də irəli sürülüb.

Bundan əlavə, “Siyasi partiyalar haqqında” yeni qanun qəbul ediləcəksə, o zaman bunun onların hüquqi vəziyyətini pisləşdirməməsi lazımdır.

Daha bir neçə mühüm təkliflər irəli sürüldü, biz hələ ötən il, yəni qanun layihəsi hazırlanmazdan xeyli əvvəl onu ictimai müzakirəyə çıxarıb Milli Məclisə təqdim etdik. Ancaq bizim konseptual təkliflərimizə məhəl qoyulmadı”, – İlqar Məmmədov deyib.

Onun sözlərinə görə, sentyabrın 7-də qanun layihəsi dərc edilib. Bu, tamamən mürtəce, nəinki demokratik, heç respublika dəyərlərilə əlaqəsi olmayan layihədir.

“REAL buna kəskin etiraz etdi, ondan sonra Milli Məclisdə diskussiya, “dəyirmi masa” oldu, üstəlik bizi əmin etdilər ki, siyasi partiyalarla müzakirə üçün bir neçə belə “dəyirmi masa” olacaq. Amma yalnız bir dəfə keçirildi və biz bu qanun layihəsinə münasibətimizi bildirdik. Bundan sonra, noyabrın 20-də guya bu “müzakirələr”in yekunları üzrə parlamentə qanun layihəsinin bir qədər yumşaldılmış, lakin mahiyyətcə mürtəce variantı təqdim olundu ki, bu da yenə siyasi partiyaların hüquqi vəziyyətini pisləşdirir və onları sonsuz, saysız-hesabsız prosedur normalardan asılı vəziyyətə salır. Praktiki olaraq, seçkilərlə partiyaların siyasi statusu arasında bu prinsipial, nəzəri, siyasi və fəlsəfi əlaqə yox olur. Bu, indiki qanun layihəsində görünmür. Biz yenilənmiş variantı görəndə Avropa Şurası Venesiya Komissiyası – hökumətlərə, üzv dövlətlərə bu və ya digər qanun layihələrilə bağlı rəylər, fikirlər verən hüquqi orqan mövzusunu qaldırdıq. Biz bu mövzunu niyə qaldırdıq? Çünki qanun layihəsinin müəllifləri öz təqdimatlarında deyirdilər ki, guya onlar Venesiya Komissiyasının rəy və ya qənaətlərini, tövsiyələrini nəzərə alıblar və ictimaiyyətdə belə bir təəssürat yaranıb ki, hətta Venesiya Komissiyası bu qanun layihəsini təqdir edib. Mən bunun belə olmadığını bilirdim, ona görə də partiya sədrinin adından Avropa Şurası Venesiya Komissiyası Şurasına müraciət etdim və cavab aldım. Orada deyilirdi ki, belə bir şey olmayıb və bu qanun layihəsi üzrə Azərbaycan dövlətilə aparılan hər hansı müzakirələrdə nəinki Venesiya Komissiyası, Avropa Şurasının bu məsələlərin koordinasiyası ilə məşğul olan digər məsul qurumları da iştirak etməyiblər. Beləliklə, guya bu qanun layihəsinin Avropa Şurası tərəfindən “dəstəklənməsi” barədə mif dağıdıldı. Bundan sonra biz siyasi partiya olaraq qanun layihəsinin Venesiya Komissiyasında (VK) baxılmasına özümüz təşəbbüs göstərməyə çalışdıq. Qeyd edim ki, VK hər sorğu üzrə bu və ya digər layihələrə rəy vermir. Müraciətləri hökumət, AŞPA və ya onun komitələri edə bilər. Bizim parlament üzvü Erkin Qədirli AŞPA-nın Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsinin üzvüdür və bu məsələni Komitədə qaldırdı. Komitə Venesiya Komissiyasına belə mövzu üzrə sorğu ilə müraciət etmək hüququnu yalnız o zaman verir ki, Komitənin gündəliyində Azərbaycanla əlaqədar yaxın mövzu olsun. Və hazırda belə bir şey olmadığı üçün Hüquq Komitəsi Venesiya Komissiyasına sorğu təqdim etməyin mümkünsüzlüyünü bildirdi. Bundan sonra mən şəxsən “təcili rəy” üçün Venesiya Komissiyasına sorğu göndərmək hüququna malik AŞPA Monitorinq Komitəsinin üzvlərindən birinə müraciət etdim. Və bizim müzakirədən sonra Monitorinq Komitəsinin üzvü dekabrın 14-də komitənin iclasında bu məsələni qaldıracağını vəd etdi. Bundan sonra biz müzakirələri davam etdirdik və hazırda Monitorinq Komitəsinin tələsməsinin mümkünlüyünü nəzərdən keçiririk, çünki bizim hakimiyyət qanun layihəsini çox sürətlə Milli Məclisdən keçirir. Yeri gəlmişkən, Monitorinq Komitəsinin iclası onlayn- rejimdə ola bilər. Hökumət təbii ki, bütün bunları bilir və bizim aktivliyimizi görən kimi dərhal qanun layihəsini birinci oxunuşda parlamentə təqdim etdilər və dərhal da onu qəbul etdilər. Əleyhinə səs verən yeganə deputat Milli Məclisdə REAL-dan yeganə deputat Erkin Qədirli olub. Təbii ki, hakimiyyət tələsir və təbii ki, ayın sonuna qədər bu qanunu üç oxunuşda qəbul etməyə çalışacaq. Biz də öz növbəmizdə qanunun qəbulu prosesinə təsir göstərmək üçün Azərbaycanın beynəlxalq öhdəlikləri alətlərindən istifadə edəcəyik.

Hakimiyyət tez-tez dialoqdan danışır və əlbəttə ki, bizim aramızda bu, var, amma dialoqdan daha çox “qaynar xətt”ə bənzəyir. Ona görə də bizi dinləmirlər, siyasi partiyalar haqqında qanunu ən mürtəce formada irəli sürürlər. Yenə də əsas sual: Niyə bu və ya digər partiyanın aldığı səsləri saya bilmirsiniz? Niyə bu və ya digər partiyanın gücünü ölçmək yükünü MSK-nın üzərindən siyasi partiyaların üzərinə atırsınız? Niyə biz 5 min üzv qeydiyyatdan keçirməliyik və hər il bu reyestri yeniləməliyik? Bütün bunlar nəyə lazımdır?

Tutaq ki, bizim cəmi 3 və ya 4 üzvümüz var, amma biz yarım milyon səs alırıq. Belə vəziyyətin hüquqi nəticələri nələrdir?

Hakimiyyət siyasi sistemdə partiyanın nə olduğunu fəlsəfi və konseptual səviyyədə başa düşmür. Düşünürlər ki, partiya sistemi siyasi partiyaların nazirliyidir və oradakı hər bir partiya bu və ya digər istiqamətin departamenti olacaq. Bax, bu qanun layihəsinin əsasını təşkil edən “fəlsəfə” budur! Məhz buna görə də biz bunu qəti şəkildə rədd edirik və çalışacağıq ki, hökumətin belə rəyin olmasının qarşısını almaq cəhdlərinə baxmayaraq, Venesiya Komissiyası bu məsələyə münasibətini bildirsin. Biz hakimiyyətin bu qanunun qəbulu üzrə səylərinə mane olmaq üçün bütün hüquqi və siyasi imkanlardan istifadə edirik.

Biz yaxşı başa düşürük ki, indi edə biləcəyimiz yeganə şey Azərbaycanın beynəlxalq öhdəlikləri mexanizmini işə salmaqdır. İndiki məqamda bizim buna səlahiyyətimiz çatır. Görək, bütün bu hərəkətlər hansı həddə çatacaq və ondan sonra qərar qəbul edəcəyik.

Azərbaycanda bir qlobal problem var: bizim nazirlər siyasətçi deyil. Başa düşürsünüzmü? Onlar formal olaraq hansısa partiyanın, bəlkə də hakim partiyanın üzvüdürlər. Onların əksəriyyəti gördükləri işin təbiətinə görə menecerlərdir. Siyasi kursun idarə olunmasında və həyata keçirilməsində faktiki iştirak edənlər, öz nöqteyi-nəzəri uğrunda mübarizə aparanlar, bunu ictimai müzakirələrdə sübut edənlər yoxdur… Və Azərbaycanın siyasi sistemində belə əyriliklər çoxdur. Siyasi partiyalar haqqında yeni qanun isə ümumi siyasi sistemə daha çox əyrilik əlavə edəcək.

Bu qanunun ən əsas çatışmazlığı həddindən artıq tənzimləmədir. Bu, nəyə lazımdır? Məsələn, valyuta məzənnəsi normadan artıq tənzimlənərsə, qara valyuta bazarı yaranacaq. Qiymətlər normadan artıq tənzimlənərsə, spekulyasiya meydana çıxacaq. Əgər siyasi partiyaların həddindən artıq tənzimlənməsinə başlanılsa, adamlar siyasətlə partiya formatında məşğul olmayacaq, “ədəbi klub” yaradacaqlar ki, bu da məhz maraqlar klubu kimi fəaliyyət göstərəcək. Bundan artıq olmayacaq. Klassik nümunə kimi Lex Valensanı göstərmək olar, sosialist Polşasında onun siyasi partiyası yox idi. Vatslav Havel yazıçı idi, onun da siyasi partiyası yox idi. Yeri gəlmişkən, Polşada, Macarıstanda və ADR-də hətta sosializm dövründə bir neçə siyasi partiya vardı! Bizə sosializm dövründə Şərqi Avropada mövcud olmuş siyasi sistemi qəbul etdirmək istəyirlər. Ancaq o zaman onlar partiyadankənar formatda kütləvi hərəkatlar əldə edəcəklər ki, bu da Azərbaycanı kifayət qədər güclü sarsıda bilər, xüsusən də bu, hansısa iqtisadi çətinliklərlə eyni vaxtda baş verərsə.

Başa düşdüyünüz kimi, belə inkişaf nə bizim ölkəmizin, nə indiki siyasi elitanın, nə də bizim opponentlərin marağında deyil. Biz sivil siyasi mübarizə, birgə iş istəyirik ki, siyasətlə partiya formatında məşğul olmaq mümkün olsun. Əks halda adamlar siyasətlə partiyasız məşğul olacaqlar. Və bunun nəylə nəticələnəyini artıq söylədim. Belə çıxır ki, biz hər il Ədliyyə Nazirliyinə gedib qeydiyyatdan keçmək məcburiyyətində qalacağıq və s. Bütün qanun demək olar ki, adamlar siyasətlə məşğul olduqları üçün günahkardır ruhu ilə doludur. Siyasətə münasibətdə təqsir prezumpsiyası. Belə olmamalıdır! Siyasətçi, partiya xadimi ölkənin siyasi sisteminin idarə olunmasında nazirlik, hökumət, parlament və bütövlükdə dövlət qədər önəmli şəxsdir. Bu, bizim dövlətin demokratik quruluşunun ən mühüm institutudur. Qanun isə təqsir prezumpsiyasını nümayiş etdirir.

Mən həbsxanadan şərti olaraq azad ediləndə hər 10 gündən bir probasiya xidmətinə gedib qeydiyyatdan keçirdim, çünki o zaman hakimiyyətin təsəvvüründə mən azadlığa çıxmış cinayətkar idim və Ədliyyə Nazirliyinin şöbəsində daim qeydiyyatdan keçməliydim. Eyni şeyi indi də müşahidə edirəm: təsdiq etməyə hazırlaşdıqları qanuna görə, ölkədə siyasi partiyaların nümayəndələrinə münasibət analojidir. Siyasi fəaliyyət cinayətdir. Və ya…(Turan)

Bənzər yazılar

Back to top button