GündəmHadisə

Vəkil: “Jurnalistin ailəsilə görüşünə və telefon danışıqlarına qadağa tətbiq edilir”

Jurnalist Əvəz Zeynallının ailəsilə görüşünə və telefon danışığına qoyulan qadağa davam edir. Noyabrın 30-da məhdudiyyətin aradan qaldırlması məqsədilə yenidən Binəqədi Rayon Məhkəməsinə müraciət edib. Bu barədə vəkil Fəxrəddin Mehdiyev “Amerikanın səsi”nə bildirib.

Vəkilin sözlərinə görə, jurnalsitin səhhətində də problemlər var. “Onun qan təzyiqi yüksəkdir, şəkərli diabet xəstəsidir, gözlərində katarakta var. Həkimlər və ailəsi dərmanları verir. Bununla yanaşı mülaicəyə ehtiyacı var”, – o qeyd edib.

Mehdiyevin sözlərinə görə, jurnalistin həbsindən 3 aya yaxın vaxt keçməsinə baxmayaraq, istintaq hərəkətləri aparılmır.

Vəkilin dediklərilə bağlı Penitensiar Xidmət hələ şərh verməyib. Amma bir qayda olaraq, Penitensiar Xidmət cəzaçəkmə müəssisələrində məhbusların qanunvericilik əsasında daxili intizam qaydalarına uyğun saxlanıldığını bildirir.

Jurnalist Əvəz Zeynallı və vəkil Elçin Sadıqov sentyabrın 10-da prokurorluq orqanları tərəfindən saxlanılıb. Sentyabrın 11-də Bakının Binəqədi Rayon Məhkəməsi Əvəz Zeynallı və Elçin Sadıqovun barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçib.

Rəsmi məlumata görə, toplanmış ilkin sübutlara əsasən Əvəz Zeynallıya Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət almaq) və Elçin Sadıqova Cinayət Məcəlləsinin 32.5, 311.3.3-cü (külli miqdarda rüşvət almaqda köməkçilik) maddəsilə təqsirləndirilən şəxs qismində ittiham elan edilib. Əvəz Zeynallı “Baku Steel Company” şirkətinin Müşahidə Şurasının keçmiş sədri, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində təqsirləndirildiyi cinayət işi üzrə barəsində məhkəmə baxışı davam etdirilən Rasim Məmmədovun yaxınlarından rüşvət almaqda, vəkil isə vasitəçilik etməkdə təqsirli bilinir.

Sonradan Zeynallıya qarşı Cinayət Məcəlləsinin 312-1-ci maddəsilə (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə) daha bir ittiham irəli sürülüb.

Əvəz Zeynallı və Elçin Sadıqov ittihamları qəbul etməyiblər, peşə fəaliyyətlərilə bağlı olduğnu bildiriblər.

Beynəlxalq təşkilatlar vəkil və jurnalistin həbsini pisləyiblər. Azərbaycan hakimiyyətindən onların azadlığa buraxılmasını istəyiblər.

Sentyabrın 17-də Bakı Apellyasiya Məhkəməsi vəkil Elçin Sadıqovu ev dustaqlığına buraxıb.

ABŞ-ın Azərbaycandakı səfirliyi “Amerikanın səsi”nə bildirib ki, Əvəz Zeynallının və Elçin Sadıqovun həbsini diqqətlə izləyirlər.

“Birləşmiş Ştatlar insan hüquqlarına və əsas azadlıqlara hörmətin artırılmasına qətiyyətlə sadiq qalır. Biz Azərbaycanı öz konstitusiyasına və beynəlxalq öhdəliklərinə uyğun olaraq vətəndaşlarının hüquqlarını və əsas azadlıqlarını qorumağa çağırırıq” , – səfirliyin mətbuat katibi qeyd edib.

Bənzər yazılar

Back to top button