AnalitikaİqtisadiyyatManşet

Büdcənin yükü: bir Naxçıvan deyil…

Naxçıvan Muxtar Respublikasında (NMR) vəzifəli şəxslərin korrupsiya ittihamı ilə həbsləri dalğasında bölgənin iqtisadi potensialından səmərəsiz istifadə də geniş müzakirə olunur. Əsas tezis budur: Naxçıvan büdcəsinin formalaşmasında yerli gəlirlərin payı çox azdır və yerli büdcə xərclərinin əhəmiyyətli hissəsi mərkəzi hökumətin büdcəsindən ayrılan dotasiya formasında yardımlarla qarşılanır.

“Büdcə sistemi haqqında” qanuna əsasən, dotasiya aşağı büdcə həlqələrinə verilən əvəzsiz maliyyə yardımlarıdır. Həqiqətən də Naxçıvan büdcəsinin böyük hissəsi mərkəzi büdcənin dəstəyi hesabına formalaşır. 2021-ci ildə bölgənin təsdiqlənən 506,5 milyon manat büdcə gəlirlərinin 25,3%-i öz gəlirləri, 74,7%-i mərkəzi büdcədən köçürmə kimi müəyyən edilib. 2023-cü il büdcəsinin layihəsində bu asılılığın 71%-ə düşdüyü görünsə də, asılılıq yüksəkdir. İlkin büdcə proqnozlarına görə, növbəti il NMR-in büdcəsi 635,3 milyon manat müəyyən edilib, bunun 185,5 milyon manatı yerli gəlirlər, 449,8 milyon manatı mərkəzi büdcənin dəstəyi kimi əks olunub.

Bəs digər bölgələr mərkəzi büdcədən asılılıq baxımından daha yaxşı vəziyyətdədirmi? Şübhəsiz, Naxçıvan ölkədəki pis idarəetmənin bəlkə də ən bariz örnəyidir. İqtisadi rəqabətin boğulması, inhisarçılığın əndazəsini aşan miqyası, eləcə də sərhəd tanımayan korrupsiya Naxçıvanda daha kəskindir. Amma söhbət bölgələrin vergi potensialından şəffaf və səmərəli istifadə sahəsində müqayisədən gedirsə, fərqlər çox da böyük deyil.

NMR-i həm iqtisadiyyatının strukturuna, həm də demoqrafik potensialına görə Gəncə-Daşkəsən iqtisadi rayonu ilə müqayisə etmək mümkündür. Rəsmi statistikanın ümumi məhsul buraxılışının strukturu ilə bağlı göstəricilərinə əsasən, bölgələrin iqtisadiyyatının cəmi 5-10%-i sənaye istehsalıdır. 2021-ci ildə bu göstərici Gəncə-Daşkəsən iqtisadi rayonu üzrə 37%, Naxçıvan iqtisadi rayonu üzrə 28% olub.

Rəsmi statistikaya əsasən, NMR-də 470 min nəfərə yaxın, Gəncə-Daşkəsən iqtisadi rayonunda 600 min nəfərdən bir qədər çox əhali qeydiyyatdadır. Bu iki bölgənin ərazisi də təxminən eynidir (5,5 min kvadrat kilometrə yaxın). 2021-ci ilin təsdiq edilmiş dövlət büdcəsində Gəncə-Daşkəsən iqtisadi rayonu üzrə yerli gəlirlərin məbləği 93,2 milyon manat, gömrük daxilolmaları nəzərə alınmadan NMR-in yerli büdcə daxilolmaları 99,5 milyon manat müəyyən edilmişdi. Amma Gəncə-Daşkəsən iqtisadi rayonunun yerli xərcləri 64,7 milyon manat, NMR-in yerli xərcləri 506,5 milyon manat müəyyən olunub. Bu fərqin səbəbi iki bölgə üçün yerli xərclərin əhatə dairəsinin müxtəlif olmasıdır. Gəncə-Daşkəsən iqtisadi rayonu üçün yerli xərc dedikdə yalnız yerli icra hakimiyyəti orqanlarının, onların nəzarətində olan mənzil-kommunal təsərrüfatının və avtomobil yollarının saxlanması nəzərdə tutulur. Naxçıvanın büdcəsində əks olunan yerli xərclərə isə dövlət büdcəsinin 12 xərc istiqamətinin hamısı daxildir. 2021-ci ildə bölgənin təhsil, səhiyyə, mədəniyyət-incəsənət, kənd təsərrüfatı, sosial müdafiə və nəqliyyat xərcləri 300 milyon manatdan bir qədər çox təsdiqlənmişdi. Əhali sayına əsaslansaq, ən kobud hesablama ilə 25% çox əhaliyə malik Gəncə-Daşkəsən iqtisadi rayonu üzrə bu xərclər 400 milyon manata yaxındır və eyni yanaşma ilə bu bölgənin mərkəzi büdcədən asılılığı Naxçıvandan heç də aşağı deyil.

Bu fakt onu göstərir ki, rayonların dotasiyasız bölgə adlandırılması üçün meyarların dəqiqləşdirilməsinə ehtiyac var. Sovetlər Birliyinin dağılmasından sonra hökumət mərkəzləşmiş idarəetmə sistemindən imtina etməyib. Nəticədə yerli hakimiyyətlər mərkəzi hakimiyyətin məhdud səlahiyyətli icraçıları kimi qalır. Yəni yerli seçkili idarəetmə sistemi yaranmadığı üçün nə maliyyə üzrə əks-mərkəzləşmə var, nə də inzibati baxımdan. Belə əks-mərkəzləşmənin baş vermədiyi ölkədə dotasiyasız yaşayan bölgəni müəyyən etməyin əhəmiyyəti də qalmır. Maliyyə müstəqilliyi əmsalı o zaman hesablanır ki, mərkəzi hakimiyyətdən muxtar səlahiyyətləri və maliyyə müstəqilliyi olan yerli özünüidarə olur, onların bu müstəqillikdən yararlanaraq nə dərəcədə dotasiyasız bölgə yarada bildikləri ölçülür. Azərbaycan reallığında isə Naxçıvan istisna olmaqla yerdə qalan bölgələrin xərc ehtiyaclarının maliyyələşdirilməsi mərkəzi xərclərə aiddir, bununla həmin bölgələr formal olaraq maliyyə müstəqilliyi qazanmış bölgələr elan edilir.

Azərbaycanda mərkəzi büdcədən yüksək asılılığı olmayan hər hansı iqtisadi rayon mövcud deyil və bütün bölgələrin asılılığı elə Naxçıvan qədərdir. Bu baxımdan hökumət büdcə sənədlərində hər bir rayon və şəhər üzrə investisiya xərcləri də daxil olmaqla büdcənin bütün funksional istiqamətləri üzrə ayrılan xərclər barədə detallı məlumatlar əks etdirməlidir. Yalnız bu halda bölgələrin real özünümaliyyələşdirmə və asılılıq səviyyəsini obyektiv qiymətləndirmək mümkün olar.

Rövşən Ağayev

Bakuresearchinstitute.org

Bənzər yazılar

Back to top button