İdman

Konor Makqreqor karyerasını bitirməsinin səbəbini açıqladı

İki çəki dərəcəsində sabiq UFC çempionu Konor Makqreqor karyerasını bitirmək qərarına gəlməsinə aydınlıq verib.

Qaynarinfo xəbər verir ki, “MMAJunkie” irlandiyalı döyüşçüdən açıqlama alıb:

“Daha döyüşlərdən zövq almadığımı hiss etdim. Mümkün variantları nəzərdən keçirdim və başa düşdüm ki, axtarışlarım əbəsdi. Belə deyim, məni həyəcanlandıra biləcək heç nə qalmadığını anladım. UFC rəhbərliyi oynadığı oyunu davam etdirdi. Açığı, buna təəccüblənmədim. Titul döyüşünü niyə sentyabra saxladılar? Məgər sentyabrda nəyin necə olacağını bilirik? Planım barədə liqa rəhbərliyinə məlumat verdim. Nə yazıq ki, güclərini göstərmək üçün razılaşmadılar. Əlbəttə, Castin Qetji ilə müvəqqəti çempion kəməri uğrunda üz-üzə gəlməyimi təmin etməliydilər. Yenə ümidimi üzmədim. Qalan variantları götür-qoy etdim. Anderson Silva ilə qarşılaşmaq variantı ortaya çıxdı və müəyyən qığılcım yaratdı. Ancaq bu da alınmadı… Bilirsiz niyə? Hamı Silvanın qocaldığı, karyerasının zirvəsini aşdığı haqda danışmağa başladı. Əslində belə deyil axı. Anderson mükəmməl döyüşçüdü… Lakin dərk etdim ki, onu yensəm belə, ulduzu sönmüş, yaşlı idmançıya qalib gəldiyimi deyəcəklər. Hə, bütün bunlar məni bezdirdi. Son vaxtlar heç baxdığım döyüşlərdən də zövq almıram. Bəlkə də tribunların boş olmasıyla bağlıdı. Qısası, həvəsdən düşmüşəm”.

Qeyd edək ki, Makqreqor daha öncə 2 dəfə karyerasını bitirdiyini açıqlasa da, sonradan oktaqona qayıdıb.

Bənzər yazılar

Back to top button