Cəmiyyət

Azərbaycanlı veteranın Ukraynada həbs olunmasına görə etiraz aksiyası keçirildi

Bir qrup İkinci Qarabağ Müharibəsi veteranı 2020-ci il döyüşlərinin iştirakçısı Misir Qasımlı və onun dostu Sübhan Quliyevin bu ölkədə 8 il müddətinə azadlıqdan məhrum edilməsinə etiraz olaraq Ukraynanın Bakıdakı səfirliyinin qarşısında aksiya keçirib.

Polis etirazçıların səfirliyin binasına yaxınlaşmasına imkan verməyib, ona görə də qətnamə diplomatik missiyanın binasından aralıda oxunub.

Etirazçılar hesab edirlər ki, Qasımlı qondarma ittihamla mühakimə olunub. O, hansısa ermənilə baş vermiş insidentə görə təqib olunur. Erməni ona şər atıb.

Qasımlının vəkili bildirib ki, sübutların olmamasına baxmayaraq, məhkəmə onu 8 il azadlıqdan məhrum edib. Aksiya iştirakçıları hesab edirlər ki, Qasımlıya qarşı əsassız təqiblər Ukraynanın ədalət mühakiməsinə kölgə salır və Ukrayna-Azərbaycan münasibətlərinə xələl gətirir. Onlar cinayət işinə dərhal xitam verilməsini və Qasımlının azadlığa buraxılmasını tələb ediblər.

Öz növbəsində Azərbaycanın Kiyevdəki səfirliyi bildirib ki, Azərbaycan vətəndaşları Misir Qasımlı və Sübhan Quliyevin məhkəməsinin ədalətli keçirilməsi üçün qanun çərçivəsində bütün lazımi tədbirlər görülür.

Bununla bağlı Ukrayna Xarici İşlər Nazirliyinə 10 nota göndərilib, digər qurumlara çoxlu məktublar ünvanlanıb. Hazırda müdafiə tərəfi müvafiq apellyasiyanın verilməsi üzərində işləyir. Səfirlik prosesin ədalətli aparılması üçün qanun çərçivəsində bütün lazımi tədbirləri görməyə davam edir, məlumatda deyilir.

Bənzər yazılar

Back to top button