Dünya

Amerika dünyada bahalaşmaya “davam” dedi (ŞƏRH)

“Bu gecə ABŞ Federal Rezerv Sisteminin əvvəlki maliyyə siyasətini davam etdirəcəyi, sadə dildə desək, dollar çap etməkdə davam edəcəyini bildirməsi, dünyada müşahidə edilən bahalaşmanın dayanmayacağını göstərir”.

AzToday.az xəbər verir ki, bu sözləri iqtisadçı Qaşqay İsmayıl bildirib.

Onun sözlərinə görə, inkişaf etmiş dövlətlər öz problemlərini həll edərkən, bizim kimi ölkələrin vəziyyəti daha da ağırlaşır:

“Tarixdə misli görünməmiş miqdarda dollar çapı, eyni qaydada əmtəə, ərzaq və digər mallarda qiymət artımına gətirib çıxarır. Hazırda bir çox məhsulların qiyməti rekord həddə qədər bahalaşıb, lakin ABŞ, AB kimi ölkələrin vətəndaşları, dövlətin çap etdiyi pullar hesabına, bu bahalaşma dalğasının zərbəsindən qoruna bilirlər.

Bahalaşma dalğasının təsiri Azərbaycanda xüsusilə hiss olunur. Çünki digər ölkələrdə nisbətən azad bazar iqtisadiyyatı olduğundan əhalinin pul gəlirlərində müəyyən artım olur, yaxud rəqabət hesabına qiymətlər kəskin artmır. Azərbaycanda isə monopolistlər bir tərəfdən qiyməti artırır, digər tərəfdən isə dövlət büdcəsindən maaş və pensiya alan əhali cüzi ödənişlərini artırmaqda acizdir. Daha acınacaqlı vəziyyət isə kiçik və orta biznesin nümayəndələrinə aiddir. Pandemiya bəhanəsilə biznesləri iflasa uğrayan və ya iflas həddində olan, büdcədən qidalanmaqdan məhrum bu təbəqə ümumiyyətlə gəlirsiz qalıb…”

İqtisadçı hesab edir ki, qiymət artımına qarşı inzibati addımlar, gömrükdə bəzi rüsumları ləğv etmək çıxış yolu deyil, çünki idxal olunan məhsullar bütün dünyada durmadan bahalaşmaqdadır:

“Hökumət ya biznesə sərbəstlik verib, ölkədə devalvasiya bahasına da olsa pul kütləsini artırmalı, iqtisadi canlanma yaratmalı, əhalinin pul gəlirlərinin artmasına şərait yaratmalıdır…”

Bənzər yazılar

Back to top button