Dünya

ABŞ Finlandiya və İsveçin tezliklə NATO üzvü olacağını gözləyir – Blinken

Cümə axşamı yüksək vəzifəli Amerikalı diplomat bildirib ki, Finlandiya və İsveçin “yaxın gələcəkdə” NATO üzvü olacağını gözləyir, xəbəri Turan-ın Vaşinqtondakı müxbiri verib.

Finlandiyanın xarici işlər naziri Pekka Xaavisto və İsveçin xarici işlər naziri Tobias Billstrem ilə mətbuat konfransında çıxış edən dövlət katibi Entoni Blinken bildirib ki, hər iki ölkə Türkiyə probleminin həlli üçün “konkret addımlar” atıblar.

“Proses irəliləyir və mən hər iki ölkənin tezliklə rəsmi olaraq üzv olacağını gözləyirəm”, deyə Blinken bildirib. “Birləşmiş Ştatlar Finlandiya və İsveçin qoşulmasını dəstəkləməyə tamamilə sadiqdir”.

Bir müddət əvvəl Finlandiyanın müdafiə naziri Antti Kaykkonen Ankarada bəyan edib ki, ölkəsi hər bir konkret halda Türkiyəyə silah ixracına icazə verilməsi məsələsini nəzərdən keçirəcək, bu da Ankaranın narazılığını aradan qaldıra bilərdi.

Finlandiyanın xarici işlər naziri Xaavisto öz növbəsində bildirib ki, Türkiyə ilə PKK kürd partiyasının (terrorçu kimi tanınıb) üzvləri ilə bağlı danışıqlar yaxşı gedir.

Vaşinqton həmçinin hesab edir ki, Türkiyənin xüsusilə İsveçin kürd qruplaşmalarını dəstəkləməsi ilə bağlı narahatlıqları yaxın gələcəkdə aradan qaldırılacaq.

Bu həftə İsveç PKK kürd döyüşçülərindən ibarət qruplaşmanın həbs edilmiş üzvünü Türkiyəyə ekstradisiya edib.

Jurnalistlər qarşısında çıxış edən Blinken deyib ki, Rusiya prezidenti Vladimir Putin həqiqətən də NATO-nun genişlənməsinə mane olmaq niyyətində idisə, onun Ukrayna ilə müharibəyə başlamaq qərarının xoşagəlməz nəticələri olub.

“İsveç və Finlandiya NATO-ya daxil olmağa hazırlaşdıqlarına görə, bilirik ki, o, alyansımızı zəiflətməyə müvəffəq olmayıb. Əslində o, NATO-nun daha güclü və daha böyük olmasına səbəb olub”.

Hərbi alyansın 30 ölkəsindən 28-i artıq İsveç və Finlandiyanın NATO-ya daxil olmasını ratifikasiya edib. Təkcə Türkiyə və Macarıstan bu prosesi ləngidir. Macarıstan parlamentinin bu məsələ ilə bağlı gələn ilin əvvəlində səs verəcəyi gözlənilir.

Bənzər yazılar

Back to top button