İqtisadiyyat

Azərbaycanda mobil telefonların IMEI kodlarının dəyişdirilməsinə və surətinin köçürülməsinə qadağa tətbiq edilir

Azərbaycanda mobil telefonlarla bağlı yeni qadağalar tətbiq ediləcək.

Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Telekommunikasiya haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq birinci oxunuşdan keçib.

Qanuna təklif edilən dəyişikliyə görə, telefonların IMEI nömrəsinin dəyişdirilməsi və surətinin köçürülməsi qadağan edilir.

Layihəyə əsasən, mobil cihazın qeydiyyatının aparılmasından yayınmaq məqsədilə mobil cihazın IMEI nömrəsinin (tək və bənzərsiz olaraq yaradılmış beynəlxalq identifikasiyanı (eyniləşdirməni) göstərən nömrə) dəyişdirilməsi və ya surətinin köçürülməsi, habelə mobil operator tərəfindən IMEI nömrələri mobil cihazların qeydiyyat sisteminin qara səhifəsində olan mobil cihazlara (IMEI nömrələri uyğunlaşdırılmış ağ səhifədə olan mobil cihazlar istisna olmaqla) telekommunikasiya xidmətlərinin göstərilməsi qadağandır. Bununla bağlı cərimələr də müəyyən edilib.

Bu, İnzibati Xətalar Məcəlləsinə yeni təklif edilən maddədə əksini tapıb. Dəyişikliyə əsasən, fiziki şəxslər 300 manatdan 400 manatadək, vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək, hüquqi şəxslər 3 min manatdan 4 min manatadək məbləğdə cərimə ediləcək. Qeyd olunan xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbehvermə haqqında qərar qüvvəyə mindiyi gündən 1 il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər 600 manatdan 800 manatadək, vəzifəli şəxslər 2 min manatdan 2 min 500 manatadək, hüquqi şəxslər 9 min manatdan 12 min manatadək məbləğdə cərimə ediləcək.

Qanun qəbul edildiyi halda 2023-cü il aprelin 1-dən qüvvəyə minəcək.

Bənzər yazılar

Back to top button