Hadisə

Salmanovlar ailəsi psixiatriya xəstəxanasının personalını xəstələri döyməkdə ittiham edir

Qazax psixiatriya xəstəxanasında iki xəstə əkiz bacı Kifayət və Mətanət Salmanovalar (1964-cü ildə anadan oublar) döyülüblər. Bu barədə Turan-a xəstələrin qohumu, siyasi məhbusun xanımı Gülmiəa Aslanova bildirib. Qohumları xəstə bacıların döyülməsindən dekabrın 6-da xəstələrin qapalı tibb müəssisəsindən buraxılmasına nail olduqları zaman xəbər tutublar. Bacıları evə, Tovuz rayonunun Əlimərdanlı kəndinə gətiriblər, orada bacıların üzündə və bədənində qançır izləri aşkarlanıb. Kifayət və Mətanət anadangəlmə xəstədir. Aslanovanın sözlərinə görə, bacıların qarmaqarışıq söhbətindən belə başa düşüblər ki, onları Aygün və Məlahət adlı tibb işçiləri döyüblər. Döyülmə tarixi barədə məlumat yoxdur.

“Bacılar o qədər qorxublar ki, onları Tovuz məhkəmə-tibbi ekspertizasına apararkən ağ xalatlı adamları görəndə qorxudan maşından düşmək istəməyiblər”, – Aslanova deyib.

Bacılarını evə qaytaran kiçik bacı Mənzərə polisə, Qazax Rayon Prokurorluğuna və insan hüquqları üzrə ombudsmana müraciət edib. Prokurorluq xəstə qadınları məhkəmə-tibbi ekspertizasına göndərib. Aslanovanın sözlərinə görə, orada zorakılıq hərəkətlərinin izləri qeydə alınıb.

Amma Salmanovlar ailəsinə məhkəmə -tibbi ekspertizaya dair arayış verilməyib. Yerli polis işlə məşğul olmayıb, belə ki, qohumların şikayəti əsasında işi prokurorluğun istintaq şöbəsi götürüb.

Turan Qazax prokurorluğunda Anar adlı müstəntiqə zəng edib. O, soyadını söyləməkdən imtina edib. Anar deyib ki, istintaq hərəkətləri aparılır, məhkəmə-tibbi ekspertizasının nəticələri və digər hərəkətləri barədə öz rəhbərliyinə məlumat verəcək. Anarın sözlərinə görə, mətbuata məlumat verə bilmir. Döyülmə faktının olub-olmaması barədə suala isə Anar yayınaraq cavab verib, klinikada zorakılıq hərəkətlərini inkar etməyib.

Salmanova bacılarını müalicə edən həkim Şayəstə Osmanova Turan ilə söhbətində xəstələrə, əsasən Salmanovalara qarşı hər hansı zorakılığı qətiyyətlə rədd edib.

“Bu bacılar ağır xəstədirlər, öz gigiyenik ehtiyaclarını sərbəst qarşılaya bilmirlər, aydın izahat verə bilmirlər, ona görə də onların dedikləri her şeyi nəzərə almaq olmaz”, – həkim deyib.

“Bacılar doğulandan bir yerdədir. Eyni çarpayıda yatmağa can atırlar, bir-birini itələyirlər, qalmaqal yaradırlar. Onların üzərində aşkar edilən izlər bacıların bir-birinə qarşı hərəkətlərinin nəticəsidir. Klinikamızda tibb işçiləri xəstələrə ehtiyatla yanaşır, qaydalara əməl edirlər. Mən günorta saat üçdən sonra evə gedirəm, axşam klinikada nə baş verdiyindən xəbərim olmaya bilər, amma personalın xəstələrə qarşı zorakılığına yol vermərəm”, – Qazax psixiatriya xəstəxanasının həkimi deyib.

Osmanova xəstələrin kiçik bacısı Mənzərəni tamahkar məqsədlərdə ittiham edib. “O, bacıların üzərində qəyyumluğu rəsmiləşdirmək, birinci qrup əlil olan bacıların evinə və bank kartlarına sahiblənmək üçün Salmanovları klinikadan çıxarıb”.

Xəstə bacıların ailəsində Osmanovanın sözlərindən hiddətləniblər. Aslanovanın dediyi kimi, fərz etsək ki, bacılar özləri-özlərini döyüblər, bəs xəstələrin təhlükəsizliyini təmin etməyə borclu olan tibb işçiləri həmin vaxt harada və nəylə məşğul idilər?

Bənzər yazılar

Back to top button