GündəmManşetSiyasət

Azərbaycan Qarabağda sülhməramlıların hərəkətlərinə görə Rusiyaya nota verib

Dekabrın 11-də Azərbaycan Xarici İşlər Nazirliyi Qarabağda sülhməramlıların hərəkətlərinə görə Rusiyaya nota göndərib.

Azərbaycan dəfələrlə sülhməramlıların komandanlığını sülhməramlıların nəzarətində olan Azərbaycan ərazisində təbii sərvətlərin qanunsuz istismarının qarşısını almağa çağırıb. Çox vaxt bu müraciətlər cavabsız qalırdı.

Dekabrın 3-də Azərbaycanın dövlət strukturlarının nümayəndələri ilə sülhməramlılar komandanlığı arasında təbii sərvətlərin işləndiyi mədənlərdə monitorinqin aparılması qaydasının müəyyən edilməsi məqsədilə danışıqlar aparılıb.

Buna baxmayaraq, azərbaycanlı mütəxəssislərin dekabrın 10-da qanunsuz hasilat aparılan ərazilərin olduğu iki şaxtaya baş çəkmək cəhdinin qarşısı alınıb.

“Rusiya sülhməramlı kontingentinin heç bir tədbir görməməsi fonunda, yerli sakinlərin əvvəlcədən planlaşdırılmış aksiyası səfərə mane olub.

Bu vəziyyətlə əlaqədar, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Rusiya tərəfinə müvafiq nota təqdim edib. Əldə olunmuş razılığa uyğun olaraq, Azərbaycan nümayəndələrinin qeyd edilən yataqlara maneəsiz girişinin təmin edilməsinə bir daha çağırış edilib. Belə səfərə maneçilik törədilməsinin və ya hər hansı bir şərt irəli sürülməsinin qəbuledilməz olduğu vurğulanıb.

Azərbaycan ərazilərinin bir hissəsində 10 noyabr 2020-ci il Üçtərəfli bəyanata uyğun olaraq yerləşmiş Rusiya sülhməramlı kontingentinin bütün fəaliyyətində Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə ciddi riayət etməsinin zəruriliyi diqqətə çatdırılıb”, – Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə bildirib.

Bənzər yazılar

Back to top button