Siyasət

Azərbaycan qeyri-hökumət təşkilatları “Qızılbulaq” və “Dəmirli” yataqlarının işlənməsinin dayandırılmasını tələb edirlər

Mədən Sənayesində Şəffaflığın Artırılması Azərbaycan qeyri-hökumət təşkilatları koalisiyasının üzvləri dekabrın 10-da Rusiya sülhməramlılarının Azərbaycanın dövlət qurumlarının nümayəndələrinin Qarabağda “Qızılbulaq” və “Dəmirli” yataqlarına girişini təmin etməməsini pisləyiblər.

Koalisiyanın bəyanatında bildirilir ki, “Qızılbulaq” yatağında 13,6 vahid sənaye ehtiyatı olan qızıl və 47,9 milyon ton mis var.

“Dəmirli” yatağında mis ehtiyatları 100 milyon ton təşkil edir.

Bundan əlavə, “Mehmanə” yatağında 37,3 milyon ton olan qurğuşun, 40,4 milyon ton sink var.

Bununla yanaşı, Ağdərədə “Canyataq-Gülyataq” qızıl yatağı yerləşir.

Bəyanatda qeyd edildiyi kimi, bu yataqların işlənməsi Azərbaycan qanunvericiliyinə və beynəlxalq hüquq normalarına zidd olaraq həyata keçirilir. Söhbət beynəlxalq humanitar hüquq, əsasən 1907-ci ildə qəbul edilmiş İV Haaqa qaydaları və 1949-cu ildə qəbul edilmiş İV Cenevrə Konvensiyasından gedir.

Cenevrə konvensiyası münaqişə nəticəsində uzun müddət işğal altında qalmış və faktiki statusu hələ də tam aydın olmayan ərazilərdə sirkətlərin mədən hasilatı ilə məşğul olmasını qadağan edir.

İşğalçı dövlətin işğal olunmuş ərazilərdə heç bir təbii sərvət və ya əmlakı istismar etmək üçün qanuni səlahiyyəti yoxdur.

Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün beynəlxalq strategiyasına uyğun olaraq, şirkətlər təbii sərvətlərin çıxarılması üçün qanuni hüquqları olan dövlətlə müqavilə bağlamalıdırlar.

Koalisiya “Dəmirli” və “Qızılbulaq” yataqlarında mədən işlərinin dərhal dayandırılmasını, vətəndaş cəmiyyəti nümayəndələrilə təcili monitorinqin aparılmasını və bu mədənlərin necə işlədilməsilə bağlı məlumat verilməsini tələb edib.

Qeyri-Hökumət Təşkilatları Koalisiyası beynəlxalq təşkilatları, eləcə də Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü Beynəlxalq Katibliyini işğal törətmiş dövlət kimi Ermənistana, habelə göstərilən ərazilərdə qeyri-qanuni fəaliyyətini davam etdirən şirkətlərə qarşı müvafiq beynəlxalq hüquqi tədbirlərin görülməsi üçün addımlar atmağa çağırır.

Həmçinin Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarından dəyən zərərin ödənilməsi üçün Ermənistana qarşı qanuni tədbirlərin görülməsi təklif edilir.

Eyni zamanda, Koalisiya Azərbaycan Respublikası hökumətini Mədən Sənayesində Şəffaflıq Təşəbbüsündə iştirakını bərpa etməyə, işğaldan azad edilmiş ərazilərdə təbii sərvətlərin işlənməsi üzrə müqavilələrə ictimaiyyətin çıxışını təmin etməyə və bu müqavilələrin icrası ilə bağlı qeyri-hökumət təşkilatlarının fəaliyyətinə yardımçı olmağa çağırıb..

Bənzər yazılar

Back to top button