Siyasət

Müdafiə tərəfi Bəxtiyar Hacıyevin həbsindən apellyasiya şikayəti verib

Dekabrın 12-də Bəxtiyar Hacıyevin həbsindən apellyasiya şikayəti verilib. Bu barədə Turan-a onun vəkili Aqıl Layic bildirib. O, bazar ertəsi Kürdəxanı qəsəbəsindəki 1 saylı təcridxanada fəalla görüşüb.

Vəkilin sözlərinə görə, Hacıyevin saxlanma şəraitindən və onunla rəftardan şikayəti yoxdur. O, irəli sürülən ittihamları qəti şəkildə rədd edir və hesab edir ki, “həbsdə əsl məqsəd onun beynəlxalq təşkilatlarla əlaqələrini məhdudlaşdırmaqdır”.

Bu arada, bazar ertəsi ölkənin ictimai-siyasi təşkilatlarının nümayəndələri Hacıyevin müdafiəsi komitəsini yaratmaq qərarına gəliblər. Onun tərkibi formalaşana qədər bu istiqamətdə işi hüquq müdafiəçisi Rüfət Səfərov əlaqələndirəcək.

Xatırladaq ki, dekabrın 9-da Bakının Xətai Rayon Məhkəməsi ictimai fəal Bəxtiyar Hacıyevi 1 ay 20 gün müddətinə həbs edib. Fəal xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunur. Onu 3 ilədək həbs təhlükəsi gözləyir.

Bənzər yazılar

Back to top button