Dünya

Ukraynalı fəallar Rusiyanı ifşa etməyə başladı

Ukraynalı uşaqların zorla köçürülmə prosesində cinsi istismara məruz qalması xüsusi narahatlığa səbəb olub

Rusiyanın Ukraynaya qarşı hərbi müdaxiləsi insanlıq tarixində görünməmiş dəhşətlərlə müşaiyyət olunur. Müharibə nəticəsində Ukrayna əhalisinin məcburi şəkildə köçürülməsi və ya müharibənin yaratdığı dözülməz şərait ucbatından ölkəni tərk etməsi, yetişməkdə olan nəslin güclü psixi travmaya məruz qalması və digərlərini buna misal göstərmək olar.  Uşaqların fiziki və cinsi istismarına, müharibədən əziyyət çəkməsinə qarşı mübarizə aparan beynəlxalq təşkilatların əldə etdiyi məlumatlara və aparılan müşahidələrinə görə, rusların işğal etdiyi ərazilərdən mülki şəxslər, o cümlədən uşaqlar kütləvi şəkildə Rusiyaya deportasiya edilir.

Məlumatlara görə, işğal edilmiş ərazilərdə yaşayan ukraynalı mülki şəxslər xüsusi hazırlanmış qatarlarda Rusiyanın ucqar şərq vilayətlərinə daşınırlar.  Belə ki, bir ölkənin vətəndaşları əslində onların əksəriyyətinin iradəsinə zidd olaraq digər ölkə daxilinə, təxminən 9000 kilometr uzağa göndərilirlər. Birləşmiş Millətlər Təşkilatına (BMT) üzv ölkələrin tanıdığı Ukraynanın dövlət sərhədlərinə daxil olan, lakin bu yaxınlarda Rusiyanın tərkibinə qatılmış ərazilərdən zorla köçürülmüş şəxslərin sayından məlum olur ki, onlar əvvəlcə əsirlər kimi, əlverişsiz vəziyyətdə yük maşınları ilə Ukrayna ilə həmsərhəd olan Rusiya ərazilərinə və daha sonra dəmir yolu ilə Taqanroqdan Xabarovska aparılırlar. Ən dəhşətlisi də bundan sonra başlayır. Belə ki, Ukraynadan deportasiya olunmuşlara istinadən beynəlxaq təşkilatların verdiyi məlumata görə, əvvəlcə Taqanroqda onlar tranzit düşərgələrə, daha sonra isə Rusiya Federasiyası ərazisində ukraynalılar üçün hazırlanmış böyüklər və uşaqlar ayrı-ayrı düşərgələrə yerləşdirilirlər. Ukraynalı ailələr müəyyən mərhələdən sonra parçalanır, uşaqlar valideynlərindən ayrılır. Beynəlxlaq humanitar hüququn bütün prinsiplərinə zidd olan bu tədbirlərin əsas məqsədi ukraynalı uşaqların sonradan rus ailələri tərəfindən övladlığa götürülməsini asanlaşdırmaqdır.

Lakin həmin mərhələyə qədər ukraynalı uşaqlar daha ciddi təhlükələrlə üzləşirlər. Rusiya Federasiyasının digər subyektlərinə, ölkənin daha dərinliklərinə daşınma prosesində insanların normal yaşayışı üçün şəraitin yaradılmaması, qatarlarda rütubət və kifin olması, habelə təmizləyici vasitələrin, təmiz suyun və qida təminatının olmaması, üstəlik soyuq havanın mövcudluğu əlverişsiz və antisanitar vəziyyəti daha acınacaqlı edir. Bunun nəticəsidir ki, böyüklərdə və uşaqlarda çoxsaylı xəstəlik və infeksiya halları baş qaldırır.

Vəziyyətin ən acınacaqlı tərəfi isə odur ki, deportasiya edilmiş uşaqlar arasında son mərhələdə QİÇS-ə yol açan insanın immunçatışmazlığı virusuna (İİV) yoluxma halları daha geniş yayılıb. Bunların səbəbini araşdırmaq üçün çox da uzağa getmək lazım deyil. Belə ki, Rusiya Federasiyasında təyinat yerlərinə (əslində əsir düşərgələrinə) çatdırılma prosesində ukraynalı uşaqlar tez-tez zorlanma və cinsi istismara məruz qalırlar. Bu faciəli məsələdə təkcə nəqliyyat və daşıma prosesində iştirak edənlər yox, həm də bu uşaqların filtrasiya düşərgələrində qayğısına qalmalı olan şəxslər məsuliyyət daşıyırlar.

Həmin uşaqların təyinat nöqtəsində dəri-zöhrəvi xəstəliklərin yayılması təhlükəsinə görə müayinə olunması onların ruslar tərəfindən övladlığa götürülməsi prosesi ilə bağlı olsa da, əsl həqiqət həmin vaxt ortaya çıxır. Belə ki, tibbi analizlər zamanı dəri-zöhrəvi xəstəliklər və ya İİV aşkarlananlar “Nevirapin” dərmanından geniş istifadə olunmaqla müalicə olunurlar. Rusiyanın ayrı-ayrı bölgələrində yerləşən həmin uşaq əsir düşərgələrindən tələb edilən “Nevirapin” dərmanını ümumi miqdarı indiyə kimi baş tutmuş onlarla köçürmənin hər birində yüzlərlə uşağın zorlandığını göstərir. Eyni zamanda, Rusiya Federasiyasındakı uşaq əsir düşərgələrində yaşayış şəraiti müxtəlifdir. Belə ki, övladlığa verilmək üçün seçilmiş uşaqlar digərlərinə nisbətən daha yaxşı şəraitdə saxlanılırlar. Ümumiyyyətlə, həmin uşaqlar sanitar-gigiyenik baxımdan şəraiti olduqca ağır olan və tutumundan dəfələrlə artıq insanın yaşadığı yerlərdir.

Qərb ölkələrində fəaliyyət göstərən humanitar təşkilatlar vasitəsilə yayılan məlumatlara görə, həmin təminat yerləri, sözün əsl mənasında əsir düşərgələrini özündə ehtiva edir. Rusiyada insanlığa qarşı işlənən bu cür cinayətlərin həqiqət olması barədə xəbərləri hadisələri daxildən müşahidə edən şəxsdən alan beynəlxalq təşkilatlar həmin şəxsin həyatını təhlükə altına atmamaq üçün adını gizli saxlayırlar.

Bununla yanaşı, Ukraynadakı bir çox aktivist və feminist qrupların da Rusiyanın bütün beynəlxalq konvensiya və hüquqi aktlara zidd olaraq apardığı deportasiya nümunələrindən xəbərləri var. Hətta 2014-cü ildən Ukraynanın Lvov vilayətində fəaliyyət göstərən feminist təşkilatlarından biri olan “Feminist atelyesi”nin (“Feminist Workshop”) yaydığı məlumatda Rusiyada yaradılmış bu əsir düşərgələri ilə İkinci Dünya müharibəsi zamanı Almaniya nasistləri tərəfindən təşkil edilmiş məlum düşərgələr müqayisə edilir, Putin Rusiyasındakı bu düşərgələri 21-ci əsrin “konslager”ləri adlandırılır. Eyni zamanda, həmin təşkilatlar (onların iştirakı ilə keçirilən müsahibəyə keçid: https://www. youtube.com/watch?v=4aw5AVrl5ng) Rusiyanın Ukraynaya hücumu ilə başlayan işğal prosesi ilə İkinci Dünya müharibəsi arasında, habelə ruslar tərəfindən istifadə olunan “Z” simvolu ilə Almaniya nasistlərin “svastika”sı arasında böyük oxşarlıq olduğu faktına diqqət çəkmişlər.

Yuxarıda qeyd edildiyi kimi, Qərbdəki humanitar təşkilatlar, beynəlxalq feminist təşkilatları və dairələri də müharibə cinayəti hesab edilən məsələ ilə ciddi maraqlanırlar. Məsələn, ABŞ vətəndaşı Cun Ketrin Miniks (June Kathryn Minix) və onun rəhbərlik etdiyi təşkilatın bu sahədə gördüyü işləri göstərmək olar. C.K.Miniks yuxarıda qeyd olunan mövzuları beynəlxalq konfrans, toplantı və forumlarda gündəmə gətirir, Ukraynada zorakılığa məruz qalan qadın və uşaqların taleyi ilə maraqlanan digər beynəlxalq təşkilatları da məsələnin beynəlxalq ictimaiyyətə çatdırılması işinə cəlb etməyə çalışır.

June Kathryn Minix

Yeri gəlmişkən, C.K.Miniksin rəhbərliyində təmsil olunan “Qadınlar Ukrayna naminə” (“Women For Ukraine”) təşkilatı uzun müddətdir ki, Rusiyanın apardığı işğalçılıq müharibəsi zamanı qadın və uşaq hüquqlarının pozulması ilə bağlı ciddi mövzuları gündəmdə saxlayır, müharibədən əziyyət çəkən ukraynalılara maddi yardım və kömək göstərmək üçün vəsait toplayır.

“Women For Ukraine” qeyri-hökumət təşkilatı olub, əsas missiyası qlobal tədbirlərdən istifadə etməklə, aktiv müharibə zonasında ukraynalı qadınların üzləşdiyi ən kritik məsələlərlə bağlı maarifləndirmə işləri aparmaqdadır. Ən əsası isə C.K.Miniksin həmtəsisçisi olduğu təşkilat (“Women For Ukraine”) hazırda Ukraynadan deportasiya edilmiş uşaqların cinsi istismara məruz qalmasına, əsir düşərgələrində saxlanılmasına və məcburi olaraq rus ailələrinə övladlığa verilməsinə qarşı kampaniyalar aparır. Aksiya İnternetdə #UAChildrenCamps heştəqi ilə davam etdirilir. Bu, Ukraynalı uşaqların məcburi deportasiyasına qarşı qlobal əsaslı məlumatlandırma hərəkatıdır və məcburi deportasiyanın müharibə cinayəti, soyqırımı aktı olduğunu sübut etməyə çalışır.

“Qadınlar Ukrayna naminə” təşkilatı ukraynalı uşaqların məcburi deportasiyasına qarşı bir çox aksiya və təşəbbüslərə başlayacağını, məlumatlandırmadan tutmuş filtrasiya düşərgələrinin aşkar edilməsinə, ilk deportasiyalarla bağlı Ukraynanın əsaslı hesabatlarına, Birləşmiş Millətlər Təşkilatındakı ABŞ səfiri Linda Tomas-Qrinfildin BMT Təhlükəsizlik Şurasının iclasında “Qadınlar Ukrayna naminə” mövzusunda çıxışlarına qədər, hamısını izləyir və məlumatları toplayır. Təşkilatın əsas məqsədi müharibə cinayətlərinin qarşısını almaq üçün sivil dünyanı səfərbər etmək və ukraynalı uşaqların zorla deportasiyasına qarşı daha ciddi tədbirlər görməkdir.

Ukraynadan zorla deportasiya edilən uşaqların və qadınların taleyi ilə bağlı həyəcan təbili çalan və əsir düşərgələrinə bənzər düşərgələrdə uşaq cinsi istismara məruz qalması hallarına qarşı aktiv mübarizə aparan fəalların yaydığı məlumatlar Rusiyada ukraynalı mülki əhaliyə qarşı cinayətlər törədildiyini ortaya qoyur…

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button