Siyasət

“Laçın dəhlizi ətrafında baş verənlər belə bir təsir mexanizminin işə salındığı təəssüratı yaradır”

“Laçın dəhlizi ətrafında baş verənlərlə bağlı çoxsaylı suallar var. Etiraf edim ki, onların bir çoxuna cavab tapmaq elə də asan deyil. Bir tərəfdən Azərbaycanın “sülhməramlıların” düşmən davranışı ilə bağlı Rusiyaya təzyiq etdiyi görünür, dügər tərəfdən isə bunun nə dərəcədə planlı və sistemli bir iş olduğunu demək çətindir”.

AzToday.az xəbər verir ki, bu sözləri politoloq Ərəstun Oruclu Qarabağda baş verən son hadisələri şərh edərkən deyib.

Onun sözlərinə görə, Rusiyaya qarşı ancaq “yumşaq gücdən” istifadə etmək lazımdır:

“…çoxsaylı çağırışlara rəğmən indiki vəziyyətdə Qarabağın dağlıq hissəsində antiterror əməliyyatı keçirmək bizim maraqlarımıza xidmət etməzdi və Rusiyaya bölgəyə əlavə hərbi kontingent yeritməyə, hətta hərbi əməliyyatlara əl atmağa rəvac verə bilər.

Bu da Moskvanın Cənubi Qafqazı öz nəzarətinə qaytarmaq planına yol açardı. Odur ki, Rusiyaya qarşı ancaq “yumşaq gücdən” istifadə etmək lazımdır. Azərbaycanın bu sahədə resursları məhdud da olsa, amma imkanlarının olmadığını düşünmək yanlış olardı. Xüsusilə də Rusiyanın indiki beynəlxalq təcrid vəziyyətində olduğu dönəmdə.

Xatırladım ki, “yumşaq güc” vasitələrinə hərbi gücdən başqa demək olar ki, bütün təsir vasitələri aiddir, yəni iqtisadi, təbliğat, xarici siyasi, vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti, mədəni, təhsil, sosial siyasət və s. vasitələr. Sadaladığım sahələrdə özümüzdə də xeyli qüsurlar olmasına rəğmən, imkanlar hər halda yox deyil.

Təbii ki, həmin imkanlar səfərbər olunduqda və onlardan səmərəli istifadə edildikdə. Laçın dəhlizi ətrafında baş verənlər belə bir təsir mexanizminin işə salındığı təəssüratı yaradır, amma həmin fəaliyyətin nə dərəcədə metodik, sistemli, planlı və xüsusilə də davamlı olacağını söyləmək təəssüf ki, mümkün deyil.

Çünki bizdə olduqca az məsələlərə dair ardıcıl, metodik və hədəflərə yönəlik iş aparıldığını görürük. Bunun da həm obyektiv, həm də subyektiv səbəbləri var. Obyektiv səbəblər əsasən daha çox sadalanan institutların vaxtilə məqsədli şəkildə sıradan çıxarılması və xarici güclərin həm daxildən, həm də xaricdən olan təsirləridir.

Subyektiv səbəblərə isə ilk növbədə planlı (strateji) siyasətin olmamasını, qərarların spotan qəbulunu və ölkədəki idarəetmə sistaminin effektivliyinin son dərəcə aşağı olmasını misal göstərmək olar. Odur ki, baş verənlərin hansı nöqtəyədək gedəcəyini və hansı nəticələrlə bitəcəyini söyləmək bir o qədər də asan deyil.

Bütün bunlara baxmayaraq, hətta bu, şəkildə də olsa Rusiyanın Azərbaycana yönəlik mürtəce siyasətinə müqavimət göstərilməsi lazımdır. Bu, ən azı Azərbaycan-Rusiya münasibətlərində narrativi (predmeti və ya gündəmi) dəyişməyə imkan yaradır. Təbii ki, qısa müddətə, çünki plansız olan iş yalnız qısa müddətə təsirli ola bilər.

Sadə dildə buna “ayağını iki-üç dəfə cızıqdan çıxarmaq” da demək olar. Amma yenə də ümid edək ki, belə olmayacaq”.

Bənzər yazılar

Back to top button