Hadisə

Məhkəmə işi: Gömrük polkovniki Dövlət Əmək Müfəttişliyinin rəisi olarkən pul yığılması üçün xüsusi komanda yaradıbmış

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri SMəlim Müslümovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Ötən gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən iclasda dindirilən şahidlər bir sıra sensasiyalı ifadələr veriblər.

Hakim istintaq dövründə ifadə verən Dövlət Əmək Müfəttişliyinin Salyan, Şirvan Neftçala, Hacıqabul rayonları da daxil olmaqla 11 saylı dövlət Əmək müfəttişliyinin sabiq rəisi Mahir Şükürovun 2014-cü ilin may və oktyabr ayları ərzində nazirliyin Dövlət Əmək Müfəttişliyinin rəisi Fuad Əlizadəyə çatdırılması üçün rüşvət qismində sektor müdiri Emil Allahverdiyev vasitəsi ilə hər ay 4 min manat çatdırdığını deyib.

Lakin məhkəmədə Mahir Şükürov istintaqa verdiyi ifadəni təsdiq etməyib.

Digər şahid Mirsəlim Seyidov Nərimanov, Səbail, Nəsimi və Yasamal rayonlarında əmək müfəttişi işlədiyini bildirib. O, ən böyük məbləğlərdə cərimə yazdıqlarını bildirib. Qeyd edilib ki, yazılan cərimələr ümumilikdə 1 milyon 500 min manat təşkil edib.

Hakim onun istintaqa verdiyi ifadəsini elan edib. Şahid ifadəsində göstərib ki, xırda müəssisələrə cərimələr tətbiq olunub: “Hər ay 20-25 min manat pul yığılıb. Fuad Əlizadə pul yığılması üçün xüsusi komanda yaratmışdı. Yığılan pulların hamısı Fuad Əlizadəyə çatdırılırdı”.

Qlobal.az məhkəmədə adı çəkilən Dövlət Əmək Müfəttişliyinin sabiq rəisi Fuad Əlizadə barədə maraqlı məlumat əldə edib.

Belə ki, məhkəmədə korrupsiya məsələlərinə görə adı çəkilən Dövlət Əmək Müfəttişliyinin sabiq rəisi Fuad Əlizadə hazırda Dövlət Gömrük Komitəsinin Maliyyə və Təchizat İdarəsinin rəisi vəzifəsində çalışır.

Fuad Əlizadə 2018-ci ilin sentyabr ayından bu vəzifəyə təyin edilib.

Qeyd edək ki, məhəkəmədən hazırlanan reportajı APA yayıb.

Bənzər yazılar

Back to top button