Dünya

ABŞ açıq edama görə İranı “ən qəti şəkildə” qınayır, Ned Prays

Bazar ertəsi ABŞ Dövlət Departamenti ümummilli etirazlarda iştirak edən şəxsin asılmasına görə İranı qınayıb. Bu, klerikal rəhbərliyin öz xalqından qorxduğunu göstərir, bu barədə Turan-ın Vaşinqtondakı müxbiri xəbər verir.

“Biz bu vəhşicəsinə davranışı ən qəti şəkildə pisləyirik”, deyə Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays gündəlik brifinqdə Turan-ın suallarına cavabda bildirib.

Məşhəddəki inqilab məhkəməsi ikinci etirazçı Məcidrza Rahnavardını ölümlə cəzalandırılan “Allaha qarşı müharibə aparmaqda” təqsirli bildikdən sonra İran onu inşaat kranına asaraq edam edib.

Prays Rahnavardı “İslam Respublikasının son qurbanı” adlandırıb: “O, saxta məhkəmədən sonra edam edilib. Biz başa düşürük ki, o, asılaraq açıq şəkildə edam edilib. Rejim etirazlarda iştiraka görə minlərlə insanı saxlayıb və indi onları lazımi hüquqi prosedurların olmadığı məhkəmələr vasitəsilə ciddi hökmlər, o cümlədən ölüm cəzası gözləyir”.

Daha sonra o əlavə edib ki: “Bu sərt hökmlər, indi isə ilk açıq edam, ən azından, fərqli düşüncəni boğmaq üçün İran xalqını qorxutmaq məqsədi daşıyır. Onlar İran rəhbərliyinin öz xalqından nə dərəcədə qorxduğunu göstərir.

İran rəhbərliyi dinc nümayişləri amansızca yatırmağa davam edir və onlar bilməlidirlər ki, bütün dünya bunu görür, ABŞ və bütün dünyadakı müttəfiqləri İranda insan hüquqlarının pozulmasına qarşı mübarizə üçün bütün addımlarını əlaqələndirəcəklər”.

İranda edamların qarşısını almaq üçün ABŞ-ın hər hansı təsir vasitəsinin olub-olmaması haqqında suala cavabda Prays deyib ki, Vaşinqtonun “bir sıra səlahiyyətləri var”.

“Biz bu amansız repressiyalara görə məsuliyyət daşıyanları məsuliyyətə cəlb etmək üçün, o cümlədən ötən həftə İnsan Hüquqları Günü ərəfəsində bəhs etdiyimiz sanksiyalar çərçivəsində, insan hüquqları ilə məşğul olan orqanlarımızdan istifadə etmişik”, deyə o əlavə edib.

Sentyabrda Mahsa Amininin “hicabı düzgün taxmadığına” görə öldürülməsindən sonra etirazlar başladıqdan sonra 500-ə yaxın iranlı həlak olub.

Bənzər yazılar

Back to top button