İqtisadiyyat

Avtovağzalın sahibi olan məşhur şirkət məhkəməlik oldu

Binəqədi rayon məhkəməsində “Bakı-XXI Əsr” MMC (VÖEN -2000023861) barəsində tərtib olunan protokola baxılacaq.

Yeniavaz.com xəbər verir ki, “Bakı-XXI Əsr” MMC İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsi ilə təqsirli bilib.

İşə bu gün hakim Elçin Ağayevin sədrliyi ilə baxılacaq.

Məlumat üçün bildirək ki, “Bakı-XXI Əsr” MMC 01.03.2004-cü ildə dövlət qeydiyyatına alınıb. Hazırda 14 milyon 923 min 42 manat nizamnamə kapitalına sahib olan şirkətin hüquqi ünvanı Binəqədi rayonu, Sumqayıt Şossesi, ev 3-də yerləşir.

Qeyd edək ki, bu ünvanda (Sumqayıt Şossesi, ev 3) həm də Bakı Beynəlxalq Avtovağzal Kompleksi fəaliyyət göstərir. Bakı Beynəlxalq Avtovağzal Kompleksinin tikintisini də “Bakı-XXI Əsr” MMC həyata keçirib.

Bu şirkət qeydiyyata alındıqdan 2 ay sonra Nəqliyyat Nazirliyinin sifarişi əsasında Bakıda Beynəlxalq Avtovağzal Kompleksinin tikintisinə başlayıb. Kompleski 2009-cu ildə təhvil verib.

Açılış mərasimində sabiq Nəqliyyat naziri Ziya Məmmədov prezidentə məlumat verib ki, 2004-cü ilin mayında təməli qoyulan kompleksin sifarişçisi Nəqliyyat Nazirliyi, baş podratçı isə “Bakı-XXI əsr” şirkəti olub (bu linkdən baxa bilərsiniz).

Dövlət qeydiyyatına alındıqdan cəmi 2 ay sonra nəhəng kompleksin inşasına başlayan “Bakı-XXI Əsr” MMC-nin təsisçisinin kim olduğu rəsmi şəkildə açıqlanmayıb. Lakin 2011-ci ildə sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, hazırda AMEA-nın İşlər İdarəsinin müdiri olan sabiq deputat Elton Məmmədov mətbuata verdiyi açıqlmada “Bakı-XXI Əsr” MMC-nin təsisçilərindən biri olduğunu deyib (bu linkdən baxa bilərsiniz).

Hazırda “Bakı-XXI Əsr” MMC-nin qanuni təmsilçisi isə Səidə Əflatun qızı Baxşıyevadır. Səidə Baxşıyeva eyni zamanda “Paşa Holdinq”in yerləşdiyi Neftçilər prospekti 153 ünvanında qeydiyyatdan olan “Baku Hospitality Company” MMC-nin (VÖEN – 1404325261) qanuni təmsilçisidir.

Onu da bildirək ki, daha əvvəl Bakı Beynəlxalq Avtovağzal Kompleksinə sabiq nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri, hazırda Azərbaycan Prezidentinin İşlər müdiri vəzifəsində işləyən Ramin Quluzadənin qayını Bağırov Cümşüd Nuru oğlu rəhbərlik edib.
Cümşüd Bağırov eyni zamanda Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının “Binəqədi rayonu, Xocasən qəsəbəsi, Sumqayıt şossesi 3-cü km” ünvanlı ərazi ilk partiya təşkilatının sədri olub.

Bənzər yazılar

Back to top button