Cəmiyyət

Texniki-Humanitar liseydə valideynlərdən direktorun ad gününə pul yığılır – Foto

Nəsimi rayonundakı Texniki-Humanitar liseydə valideynlərdən direktorun ad günü üçün pul yığılır.

Bu barədə Yeniavaz.com-a həmin valideynlərdən biri məlumat verib.

O bildirib ki, bu barədə valideynlərdən biri vatsap qrupuna elan mesajı göndərib. Mesajda bildirilib ki, liseydə bütün siniflər direktor Kamalə Mirzoyevanın ad günü üçün “tədbir görəcək”:

“Sizinlə bir mövzunu müzakirə etmək istərdim. Bizim direktorumuzun ad günüdür. Bütün siniflər təbrik edəcək. Mən istərdim ki, bizim sinifdə də belə şey olsun. Biz qərar verdik ki, Nigar xanımla gül almaq üçün 5 manat pul yığaq. Siz bu məsələyə necə baxırsınız? Xahiş edirəm ki, bu məsələni birlikdə həll edək”.


Müraciət edən valideyn qeyd edib ki, daha sonra qrupa bank kartı atılıb və ödənişlərin həmin karta köçürülməsi istənilib.

Məsələ ilə bağlı Bakı Şəhər Təhsil İdarəsinə rəsmi sorğu ünvanladıq. Sorğu əsasında araşdırma aparılacağı bildirildi.

Deyilənlərə münasibət öyrənmək üçün liseyin direktoru ilə əlaqə saxlamaq mümkün olmadı.

Qeyd edək ki, Texniki-Humanitar liseyin direktoru Mirzoyeva Kamalə Rəfayıl qızı 14 dekabr 1969-cu ildə anadan olub. 2021-ci ilin sentyabr ayından liseydə direktor vəzifəsində çalışır. Ailəlidir, iki övladı var.

Bənzər yazılar

Back to top button