Hadisə

Nazir qardaşının adı çəkilən iş haqqda

İqtisadiyyatın dövlət kürsülərində oturan oliqarxların əlində cəmləşdiyi Azərbaycanda ümumi süjetlə birləşən bir çox əhvalat baş verir: iş adamları yüksək vəzifəli məmurlarda himayədarlıq axtarır, həmin məmurların yaxın ətrafındakı adamları payçı kimi götürür və ya onlarla birgə iş aparırlar. Əhvalat məmurun qohumlarının bu iş adamlarının əmlakını mənimsəməsi, işin dağılması və qurbanların məhkəməyə müraciətlərinin əhəmiyyətli bir şeyə səbəb olmaması ilə başa çatır.

2008-ci ildə Zirə qəsəbəsindən olan biznesmenlər Elxan və Lyuba Bağırovlar ailəsi o vaxtkı nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, deputat Elton Məmmədovla əməkdaşlıq etməyə razılıq veriblər. Xalq tərəfindən seçilmiş və qanunverici olan E. Məmmədov öz biznesinə sahib olmaq hüququna malik olmayıb, ona görə də L.Bağırovanın təsisçi və direktor olduğu “YujUralProqress” MMC-yə (2005-ci ildə yaradılıb) faktiki sahib olub və rəhbərlik edib. Şirkət Rusiyada, “Dormaş” ASC-də (Oryol vilayəti) Nəqliyyat Nazirliyi üçün yol- tikinti texnikasının alışını həyata keçirib. 2012-2014-cü illərdə Cavid Qurbanovun rəhbərlik etdiyi “Azəryolservis” ASC üçün yol-tikinti texnikasının alınmasına dair müqavilə bağlanarkən “YujUralProqress” vasitəçilik edib. “Azəryolservis” Nəqliyyat Nazirliyinin tərkibinə daxil olub. Sövdələşmənin ümumi məbləği 17 milyon dollar və 6,100 milyon manatdır. Bütün müqavilələrə Elton Məmmədov “himayədarlıq edib”, sözügüdən məbləğin 20% – ni alıb və öz sözlərinə görə, vəsaiti şəxsən Ziya Məmmədova verib. Pullar Məmmədova birbaşa bankdan, inkassator maşınında və mühafizə altında çatdırılıb. Elxan və Lyuba Bağırovlar dövlət şirkətlərinin adı çəkilən rəhbərlərilə şəxsən görüşməyiblər, bütün əlaqələr Elton Məmmədov vasitəsilə qurulub, – L. Bağırova Turan-a açıqlayıb.

Bağırovların əlində belə böyük məbləğdə nağd pul olmadığından (20% E. Məmmədov üçün) onlar öz daşınmaz əmlaklarının bir hissəsini satıblar, digər hissəsini isə Bakının mərkəzində onlara məxsus beşmərtəbəli tarixi binanın kupçasını E.Məmmədovun adına keçirməklə ödəyiblər.

Ancaq sonradan məlum olub ki, “Dormaş” törəmə şirkətinin (“Dormaş-İnterşnel”) direktoru Yevgeni Voropayev müqavilə üzrə məbləğin hamısını almayıb. İlk müqavilə üzrə ancaq bir milyon yarım dollarlıq bank köçürməsi ona çatıb. Pulun böyük hissəsi Bakıda qalıb, baxmayaraq ki, 35 buldozer və digər texnika Azərbaycana gəlib. Müqaviləyə əsasən 60 ədəd texnika göndərilməliydi.

Bu əhvalatda dəqiq yerinə yetirilən yeganə şey guya Nəqliyyat Nazirliyi və “Azəryolservis” rəhbərlərinə çatdırılması üçün Bağırovların deputat Elton Məmmədova pul (20%) verməsidir. Biznes dairələrində bu məbləğ “şapka” adlanır, Bağırovlar onu Azərbaycan Beynəlxalq Bankı və Kapital Bankdan kredit götürüblər. Sonradan Kapital Bank Bağırovların borcunu Aqrar Kredit Banka köçürüb. Bağırovlar mövcud əmlakı satıb, bank borclarının bir hissəsini qaytarıb, Kapital Banka 5,200 milyon, Aqrar Kredit Banka isə 3,200 milyon borclu qalıblar. Onlar hətta bu borcun faizini ödəyə bilmirlər, belə ki, Məmmədovlar ailəsi biznesmenləri tamamilə müflis edib, Elxan Bağırov isə ağır xəstələnib. Hətta ailənin korrupsionerin xəstəxana yatağına saldığı adamın müalicəsinə vəsaiti yoxdur.

Turan-a Ziya Məmmədovun ailəsilə əməkdaşlığın ağır tarixçəsindən danışan Lyuba Bağırova qardaşı Ziya Məmmədov nəqliyyat naziri postundan kənarlaşdırıldıqdan sonra keçmiş deputat Elton Məmmədovun hazırda şöbə müdiri vəzifəsində çalışdığı Milli Elmlər Akademiyasının Rəyasət heyətinin qarşısında dayanır. O, Elton ilə görüş gözləyir, ondan Bağırovların bank borclarını ödəməkdən ötrü satması üçün heç olmasa beşmərtəbəli evi geri qaytarmağı tələb edir. E.Məmmədov Bağırovlara onların banklardan götürdüyü 5,600 milyon manatı və Bağırovların banklara ödədiyi faizin bir milyon yarım manatını borcludur. E. Məmmədovun köməkçisi bu görüşə mane olur, Bağırovaya zəng edir və rəisin xəstə olduğunu deyir.

Turan E.Məmmədovun vəkili Sadiq Bağırovla danışıb. Vəkil Məmmədovun sözlərini çatdırıb ki, Lyuba Bağırova ona külli miqdarda pul borclu olub, vəkil pulun miqdarını açıqlamayıb. Məmmədov borcun qaytarılmasını tələb edir. L.Bağırova pulu qaytarmaqdan yayınmaq üçün Məmmədovu təqib edir, onun adını ləkələyir, yalan ittihamlar irəli sürür. Vəkilin sözlərinə görə, onun müştərisi münaqişələrin məhkəməyəqədərki nizamlanması ilə məşğul olan mediasiya xidmətinə müraciət edib. Mediasiya mərhələsində Bağırovlar E.Məmmədovla razılığa gəlməsələr, keçmiş deputat məhkəməyə müraciət etməli olacaq.

“Biz münaqişəni sivil yolla həll etməyi üstün tuturuq qalmaqal yaratmaqla yox”, – Elton Məmmədovun nümayəndəsi əlavə edib.

Bağırovların vəkili Aslan İsmayılov Turan-a bildirib ki, dələduzluq ittihamı ilə E. Məmmədovdan Baş Prokurorluğa şikayət etmək niyyətindədir. A. İsmayılov Turan-a bildirib ki, Bağırovların münaqişəni məhkəməyəqədərki qaydada həll etmək niyyəti nəticəsiz qalıb, ikinci tərəf məsuliyyətdən və götürülmüş vəsaiti geri qaytarmaqdan yayınır.

Vəkil A. İsmayılov həmkarı Sadiq Bağırovun sözlərini təəccüblə belə şərh edib: “Əgər Lyuba Bağırova E. Məmmədovdan götürdüyü borcu qaytarmalıdırsa, o zaman niyə Məmmədov onu axtarmır, Bağırova Elmlər Akademiyasının qapısında dayanıb Məmmədovla görüşmək istəyir və köməkçidən rəisin aramsız xəstəliyi barədə sözlər eşidir?”(Turan)

Bənzər yazılar

Back to top button