Hadisə

Ədalət məhkəməsi dələduzu müdafiə edir?

Ağdam rayonundan məcburi köçkün Məhərrəmov Eldəniz Hamlet oğlu başda prezidenti İlham Əliyev olmaqla, Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədova, Məhkəmə-Hüquq Şurasının üzvü, Ali Məhkəmənin sədri Ramiz Rzayevə, Məhkəmə-Hüquq Şurasının üzvü, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərova müraciət edərək üzləşdiyi dələduzluqla bağlı Bakı Apellyasiya Məhkəməsinin hakimi Zəki Babayevin əsassız qararından şikayət edib.

Şikayətçi yazır ki, Səmədov Səməd Hüsaməddin oğlu aralarında olan etimaddan sui-istifadə edərək qızıl-zinət əşyalarını qablaşdırmaq üçün 2868 ədəd qab (futlyar) gətirəcəyini vəd edərək 01 dekabr 2019-cu il tarixdə Eldəniz Məhərrəmovun “Mərkəzi Univermaq”ın zirzəmisində yerləşən iş otağında ondan 20 900 dollar alıb. Aralarında əvvəlcədən əldə edilmiş razılığa uyğun olaraq 02 dekabr 2019-cu ildə Eldəniz Məhərrəmov daha 1315 qab (futlyar) üçün Səməd Səmədova yenə iş otağında 11 600 dollar pul verib. Eldəniz Məhərrəmovla Səməd Səmədov arasında futlyarın alqı-satqısı ilə bağlı alver olub. Eldəniz Məhərrəmov S.Səmədovu məhz futlyarın ticarəti ilə məşğul olan şəxs kimi tanıyıb.

Şikayətçi ərizəsində yazır ki, S.Səmədov onun etmadından sui-istifadə edərək ümumlikdə 32 500 dollar pulumu mənimsəyib.

Dələduzluqla üzləşdiyin əmin olan Eldəniz Məhərrəmov hüquq-mühafizə orqanıarına müraciət edib. Lakin Səməd Səmədov məsuliyyətdən yayınmaq üçün gizlənib. Hüquq-mühafizə orqanlarının Səməd Səmovu istintaqa cəlb etmək fəaliyyətləri fayda vermədiyi üçün barəsində axtarış elan ediblər. Bundan sonra Səməd Səmədov saxlanaraq 08 sentyabr 2021-ci ildə istintaqa cəlb edilib. Səməd Səmədovun uzun müddət istintaqdan yayınmasını nəzərə alan Səbail RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Mircavadlı Ceyhun Rasim oğlu S.Səmədov barəsində həbs qətimkan tədbiri seçilməsi üçün Səbail rayon prokuroru Natiq Əsədova vəsadət verib. Səbail rayon prokuroru Natiq Əsədov da vəsadəti müdafiə edərək Səməd Səmədovun haqqında həbs qətimkan tədbiri seçmək üçün Səbail rayon Məhkəməsinə təqdimat verib.

Səbail rayon Məhkəməsinin hakimi Şəhla Süleymanova da Səməd Səmədovun uzun müddət istintaqdan yayınmasını, yalnız barəsində axtarış elan olunduqdan sonra saxlanaraq istintaqa cəlb edildiyini nəzərə alaraq 10 sentyabr 2021-ci il tarixdə 29.04. 1994-cü il təvəllüdlü, Lerik rayon, Cəngəmiran kəndində anadan olmuş, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, ev 95, mənzil 6-da qeydiyyatda olan Səməd Hüsaməddin oğlu Səmədov barəsidə həbs qətimkan tədbiri seçib.

Bu hadisədən sonra Eldəniz Məhərrəmovada ədalətin bərpa olacağına ümid yaranıb. Ancaq Bakı Apellyasiya Məhkəməsinin hakimi Zəki Baba oğlu Babayev Səməd Səmədovun şikayətini təmin edərək onun haqqında Səbail rayon Məhkəməsinin həbs qətimkan tədbiri ləğv etmişdir. Bu zaman zərərçəkən şəxs kimi Eldəniz Məhərrəmovun prosesdə iştirakını belə təmin etməyib. Hətta prosesdə Səbail rayon prokuroru Natiq Əsədovun iştirakı da təmin edilməyib.

Eldəniz Məhərrəmov müraciətinin sonunda üzləşdiyi dələduzluqla bağlı şikayətinin nəzarət altında saxlanılmaısnı, Bakı Apellyasiya Məhkəməsinin hakimi Zəki Babayevin fəaliyyətinə qiymət verilməsini xahiş edir.

Eldəniz Məhərrəmovun müraciətindən çıxan nəticə isə ondan ibarətdir ki, ədalət məhkəməsi dələduzu müdafiə edir.

Orxan Məmmədli

AzToday.az

Bənzər yazılar

Back to top button