Digər

“Uber” taksi şirkətinin 7 sürücüsü narkotik maddələrin qanunsuz dövriyyəsini təşkil etdiklərinə görə istintaqa təqdim ediliblər

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat nəticəsində narkotik vasitələrin satışını həyata keçirən əvvəllər məhkum olunmuş “Uber” taksi şirkətinin sürücüsü Anar Kəlbiyev saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin məlumatında deyilir.

Onun üzərindən, avtomobilindən və Abşeron rayonunda yaşadığı evdən külli miqdarda narkotik vasitə və psixotrop maddə, həmçinin narkotiklərin satışı zamanı istifadə etdiyi plastik kart aşkar olunub.

Anar Kəlbiyev ilkin sorğu zamanı narkotik vasitə və psixotrop maddələri qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçiriləndən sonra əldə etdiyini və şəxsiyyəti istintaqla araşdırılan dəstənin digər üzvlərinə çatdırmaq məqsədi ilə Bakı şəhərinə gətirdiyini bildirib.

Onun bu məqsədlə xaricdə yaşayan şəxsiyyəti istintaqla araşdırılan narkotacirlə mütəmadi olaraq əlaqə saxladığı da həyata keçirilən texniki tədbirlərlə sübuta yetirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, Anar Kəlbiyev barəsində həbs qətimkan tədbiri seçilib.

Məlumatda deyilir ki, son vaxtlar “Uber” taksi şirkətinin 7 sürücüsü narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarına görə Baş İdarə əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təqdim ediliblər. Həmin şəxslərdən 20 kiloqrama yaxın narkotik vasitə və psixotrop maddə aşkar olunub.

Bənzər yazılar

Back to top button