ManşetSiyasət

Həbs edilən jurnalistlərin sayı 30 illik maksimuma çatıb

Dekabrın 14-də Jurnalistləri Müdafiə Komitəsi jurnalistlərin saxlanıldığı həbsxanaların illik siyahıya alınmasına dair hesabat yayıb. Təşkilat belə qənaətə gəlib ki, bu il dekabrın 1-nə bütün dünyada 363 jurnalist həbs edilib ki, bu da 2021-ci illə müqayisədə 20 faiz çoxdur. Təşkilat bildirir ki, bu, rekord rəqəmdir.

Dekabrın 1-dək İranda 62 jurnalist həbsdə idi. İran bu göstərici üzrə ötənilki 10-cu yerdən 1-ci yerə yüksəlib.

Təhlükəsizlik qüvvələri sentyabr ayında başlayan etirazları amansızcasına yatırır. Etirazlar başlayandan həbs edilən 49 jurnalistdən 22-i qadındır. Hakimiyyət nümayişlərin barəsində həqiqətlərin yayılmasının qarşısını almağa çalışır.

Həbs edilən jurnalistlərin sayına görə İrandan sonra Çin, Myanma (Birma), Türkiyə və Belarus gəlir.

“Həbsxanada rekord sayda jurnalisin olması dünyada demokratiyanın vəziyyətinin pisləşdiyinin göstəricisidir”, – təşkilatın prezidenti Jodi Ginsberq deyib.

Hökumətlər mətbuatı cəzalandırmaq üçün ittihamlara, hüquq strukturları tərəfindən sui-istifadələrə əl atırlar, qanunvericiliyə xəbərlərin işıqlandırılması üzrə faktiki işi kriminallaşdıran qarışıq bəyanatlar daxil edirlər. Bildirilir ki, bu il 131 iş üzrə həbs edilən jurnalistlərə heç bir rəsmi ittiham irəli sürülməyib.

Çində 43, Myanmada 42, Vyetnamda 21 jurnalistin həbs edildiyi bildirilir.

2022-ci ildə ABŞ-da 12 jurnalist həbs edilib və saxlanılıb.

Təşkilat qeyd edir ki, Avropa və Mərkəzi Asiyada mətbuat azadlığı hücuma məruz qalır, Türkiyədə 40, Belarusda 26 jurnalist həbs edilib.

Təşkilatın siyahısınaAzərbaycandan KİM TV İnternet televiziyasının aparıcısı Abid Qafarov və Xeberman, Press.az-ın rəhbəri Polad Aslanov daxil edilib.

Bu ilin iyulunda Qafarov böhtan və təhqirdə təqsirli bilinərək 1 il müddətinə azadlıqdan məhrum edilib. Özü ittihamları qəbul etmir, Tərtər hadisələrini araşdırdığına görə cəzalandırıldığını deyir. “Tərtər işi” Ermənistan xüsusi xidmət orqanlarına casusluğa görə azərbaycanlı hərbçilərə qarşı ittihamları əhatə edir. Bu iş yenidən açılıb, onlarla hərbçi bəraət alıb.

Dövlətə xəyanətdə təqsirləndirilən Aslanov 16 il müddətinə azadlıqdan məhrum edilib, bu ilin fevralında cəzası 13 ilə endirilib. Aslanov özünü günahsız hesab edir, jurnalist fəaliyyətinə görə cəzalandırıldığını bildirir.

Azərbaycan hakimiyyəti KİV azadlığının pozulması ilə bağlı beynəlxalq strukturların tənqidlərini qəbul etmir. O bildirir ki, ölkədə digər əsas azadlıqlar kimi KİV azadlığı da tam təmin olunub.(Turan)

Bənzər yazılar

Back to top button