İqtisadiyyat

Bakıda “MilliÖn”ün vəzifəli şəxsi qaynına bir rayonun pullarını oğurlatdırıb (TƏFƏRRÜAT)

Bakının Sabunçu rayonunda “PashaPay” MMC-yə məxsus “MilliÖn” terminallarından külli miqdarda oğurluq hadisəsi baş verib.

Qaynarinfo-nun məlumatına görə, aparılan araşdırma zamanı terminallardan oğurluğu “MilliÖn”-ün sözügedən rayon üzrə texniki direktoru Müseyib İsgəndərzadənin qaynı tərəfindən törədildiyi məlum olub.

Uzun axtarışlardan sonra hadisəni törədən Murad Səfərov (ad-soyad şərti) Dənizkənarı Milli Park ərazisində narkotik maddələrin istifadəsində şübhəli bilinərək saxlanılıb. Tutulduqdan sonra onun axtarışda olduğu müəyyənləşib.

Məhkəmədə ifadəsində Murad hadisəni Müseyib İsgəndərzadənin və onun sinif yoldaşı Yusif Məmmədlinin iştirakı ilə törətdiyini etiraf edib. Təqsirləndirilən şəxs bildirib ki, bacısı əri sözügedən şirkətdə 3 ildir texnik işləyir və Sabunçu rayonu üzrə “MilliÖn” terminallarının təmiri ilə məşğul olub. Sözügedən terminalların açarları da onda imiş.

Murad kürəkəninin oğurluqla bağlı təklif verdiyini, əvvəlcə onunla razılaşmadığını və sonradan bu razılığa “hə” dediyini bildirib. Nəticədə cinayəti həyata keçirib. O, Müseyibə “MilliÖn” aparatlarının açarını verməyi təklif edib. Məqsədi pulları Yusiflə birlikdə oğurlamaq olub. Müseyib buna razı olmasa da, sonradan razılaşıb və aparatın açarını 27 fevral 2022-ci ildə ona verib. Müseyib həmçinin ona deyib ki, açarla aparatın kassa hissəsini açandan sonra açar hissəsini kəlbətinlə əysin ki, aparatın açarla deyil, sındırılmaqla açılması görüntüsü yaransın.

Bundan sonra Murad kürəkənindən aldığı “MilliÖn” yazısı olan yapışdırıcı kağızı köynəyinə yapışdıraraq, Sabunçuda müxtəlif ticarət mərkəzlərində quraşdırılan terminallardan kasetlə birlikdə 30 min manatdan çox pul oğurlayıb. Həmin pulları öz aralarında bölüblər.

Cinayətin üstü açıldıqdan sonra digər şəxslərdən fərqli olaraq təqsirləndirilən şəxs hüquq-mühafizə orqanlarından uzun müddət gizlənə bilib. Sonra Murad Dənizkənarı Milli Park ərazisində saxlanılıb və üzərindən 1 ədəd bükümdə narkotik vasitə olan heroin aşkar edilib.

Məhkəmənin hökmü ilə Murad Səfərova üzərində qəti olaraq 2 il 1 ay 1 gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. O, məhkəmə zalında həbs olunub. Cinayətdə adı hallanan digər şəxslərlə bağlı hər hansı bir məlumat yoxdur.

Bənzər yazılar

Back to top button