Analitika

“Haqsızlıqla İmamoğlunun qarşısına sədd çəkmək mümkün olmayacaq”

“Avtoritar liderlər ağılsız adamlar deyil. O baxımdan ki, öz hakimiyyətlərini möhkəmləndirməyin, ona sürəklilik qazandırmağın yolları, üsulları üzərində fasiləsiz baş sındırır, işləyir və bu məqsədə xidmət edən bir sistem qurmağı bacarırlar”.

Bu barədə politoloq Şahin Cəfərli sosial şəbəkə hesabında yazıb.

“Seçkili avtokratiyalarda isə bütün bunlarla bərabər, liderlər həm də xalqdan səs alaraq öz rejimlərini legitim təməllər üzərinə oturda biləcək istedada və qabiliyyətə sahib şəxsiyyətlər olur. Türkiyədə olduğu kimi.

Amma bəzən bu liderlər aşırı özgüvən, yanlış məlumatlandırılmaq, peşəkar kadrları uzaqlaşdıraraq yaxın çevrəsinə yalnız məddahları toplamaq və digər ən müxtəlif səbəblər məcmusu nəticəsində gerçəklərdən qopurlar və özlərinə zərər verən irrasional qərarlar da qəbul edirlər. (Ölkəyə zatən davamlı zərər verirlər, bu, məlum məsələdir.) Prezident Ərdoğanın Əkrəm İmamoğlu ilə mübarizədə verdiyi qərarlar da bu çərçivədə qiymətləndirilə bilər.

Burada heyrətləndirici və inanılmaz məqam ondan ibarətdir ki, Ərdoğan vaxtilə özünün yaşadıqlarını – hansı ki, bu yaşadıqları onun siyasi yüksəlişində mühüm rol oynamışdı – indi başqasına yaşadır. Bu tip siyasi təqiblərin həmin siyasətçini böyütdüyünü ən yaxşı Ərdoğanın özü bildiyi halda, İmamoğluna siyasi fəaliyyət qadağası barədə məhkəmə qərarı çıxartdırması onun gerçəklərdən nə qədər qopduğunu, soyuq və rasional düşünmə qabiliyyətini itirdiyini göstərir. Özü də, bu qərarın İstanbulda 31 mart 2019-cu il seçkilərinin ləğv edilməsindən sonra 23 iyunda keçirilən ikinci seçkidə 13 minlik səs fərqinin 806 minə çıxması hələ yaddaşlarda təzə ikən verilməsi daha da inanılmaz və absurd görünür.

Aydındır ki, İmamoğlu haqqında məhkəmə qərarı milli iradənin gücü qarşısında mənasız kağız parçasına çevriləcək. Türkiyəni az-çox tanıyanlar bilir ki, bu cür qərarlarla orada siyasətçilərin önünü kəsmək mümkün deyil. Adamın ağlına istər-istəməz belə bir konspiroloji fikir də gəlir ki, bəlkə dövlətin içindəki müəyyən qruplar İmamoğlunu bu yolla daha da parlatmaq və ən yüksək posta gətirmək istəyirlər? Çünki həqiqətən də, məntiqli bir izahat tapmaq çətindir. Yeganə izah budur ki, Ərdoğan və çevrəsi İstanbul böyükşəhər bələdiyyəsi kimi böyük büdcəsi olan yağlı bir yeri itirməyi heç cür həzm edə bilməmişdilər və eyni zamanda, İmamoğlunun prezidentliyə müxalifətin vahid namizədi olması ehtimalından ciddi şəkildə ehtiyatlanırdılar.

Lakin qorxunun əcələ faydası yoxdur.

Əkrəm İmamoğlu Türkiyə siyasətinin yüksələn ulduzudur və haqsız, hüquqsuz qərarlarla qarşısına sədd çəkilməsi mümkün olmayacaq.
Türkiyə hüquq sisteminin və demokratiyasının bu hala gətirilməsi dərin təəssüf doğurur və şəxsən mənə acı verir, amma xalqın bu gedişə dur deyəcəyinə şübhəm yoxdur. Bu qanunsuz qərar birləşmiş müxalifətin qarşıdakı seçkilərdə şansını daha da artıracaq. Kassasiya prosedurunun tamamlanmasına qədər qərar qüvvəyə minmir, bu səbəbdən İmamoğlunun namizəd göstərilməsi ehtimalı da var. Amma siyasi iqtidar adətən uzun sürən şikayət proseduruna baxılmasını sürətləndirib, seçkiyə qədər qərarın qüvvəyə minməsini təmin edə bilər. Ona görə də vahid namizədin Mansur Yavaş və ya Kamal Kılıçdaroğlu olması ehtimalı daha yüksəkdir”, – deyə o bildirib.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button