Hadisə

Şahin Bağırov dilemma qarşısında: tamam, yoxsa davam?

Sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun dekabr ayının 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə iclasında açıqlanan faktlar Dövlət Gömrük Komitəsinin sədr əvəzi Şahin Bağırovu çıxılmaz vəziyyətə salıb.

Qlobal.az xəbər verir ki, Gömrük Komitəsinin sədr əvəzinin çıxılmaz duruma düşməsinə səbəb məhkəmədə Gömrük Komitəsinin Maliyyə və Təchizat İdarəsinin rəisi Fuad Əlizadənin Dövlət Əmək Müfəttişliyinin rəisi olduğu dövrlərdəki fəaliyyəti barədə istintaq materialından səslənən fikirlər olub.

Fuad Əlizadə Gömrük Komitəsinin Maliyyə və Təchizat İdarəsinin rəisi

Belə ki, məhkəmədə hakim Nərimanov, Səbail, Nəsimi və Yasamal rayonlarında əvəllər əmək müfəttişi vəzifəsində çalışan şahid Mirsəlim Seyidovun istintaqa verdiyi ifadəsini açıqlayıb. Şahid ifadəsində göstərib ki, Səlim Müslümovun nazir, Fuad Əlizadənin Dövlət Əmək Müfəttişliyinin rəisi olduğu dövrlərdə xırda müəssisələrə cərimələr tətbiq olunub: “Hər ay 20-25 min manat pul yığılıb. Fuad Əlizadə pul yığılması üçün xüsusi komanda yaratmışdı. Yığılan pulların hamısı Fuad Əlizadəyə çatdırılırdı”.

Məlumatda deyilir ki, adı böyük korrupsiya əməliyyatlarında hallanan Fuad Əlizadənin hazırda Gömrük Komitəsinin Maliyyə və Təchizat İdarəsinin rəisi vəzifəsində çalışması Şahin Bağırovun strukturda aparmaq istədiyi islahatları, ümumilikdə komitənin şəffaflığını ciddi formada kölgə altına salır.

“Vaxtilə rəhbərlik etdiyi Dövlət Əmək Müfəttişliyində korrupsiya çetesi qurmuş bir şəxsin kifayət qədər struktur islahatları aparılmış Dövlət Gömrk Komitəsində Maliyyə və Təchizat İdarəsi kimi mühüm bir posta rəhbərlik etməsi ictimaiyyət tərəfindən birmənalı qarşılanmaz. Buna görə də Şahin Bağırovun yaxın zamanlarda Fuad Əlizadə ilə yollarını ayıra bilər”-deyə, məlumatda vurğulanır.

Qeyd edək ki, Fuad Əlizadə 2014-2018-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi vəzifəsində çalışıb.

F.Əlizadə 2018-ci ildən Dövlət Gömrük Komitəsi Maliyyə və Təchizat İdarəsinin rəisi vəzifəsində çalışır.

Dövlət Gömrük Komitəsindən məsələyə münasibət öyrənə bilmədik.

Bənzər yazılar

Back to top button