ManşetSiyasət

ABŞ danışıqların davam etdirilməsi üçün Bakıya və Yerevana “təzyiq göstərməyə” davam edir- Donfrid

Çərşənbə günü Dövlət Departamentinin Qafqaz siyasətinə görə cavabdeh olan yüksək vəzifəli məmuru Azərbaycan və Ermənistanın ilin sonuna qədər sülh müqaviləsi bağlaya biləcəyi ilə bağlı ehtiyatlı nikbinlik ifadə edib, xəbəri Turan-ın Vaşinqtondakı müxbiri verib.

Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid Konqresin xarici əlaqələr komitəsində Administrasiyanın regiondakı siyasəti haqqında dinləmələrdə çıxış edib.

Bakı və Yerevan arasında sülh danışıqlarının xüsusiyyətləri haqqında danışan Donfrid deyib ki, xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan sülh müqaviləsi üzərində işləyirlər.

“Onların bu ilin sonuna qədər buna nail ola biləcəyinə ümid var idi, amma bunun baş verib-verməyəcəyi aydın deyil”, deyən məmur əlavə edib ki, Vaşinqton tərəflərin ilin sonuna qədər əlaqə yaradacağına ümidini itirmir.

Donfrid həmçinin qeyd edib ki, ölkələr arasında nəqliyyat və kommunikasiya əlaqələrinin bərpası, sərhədlərin demarkasiyası və delimitasiyası, Dağlıq Qarabağda etnik ermənilərin hüquqları və təhlükəsizliyi müzakirələrin “həddindən artıq” mühüm elementi olaraq qalır.

Donfridin sözlərinə görə, ABŞ-ın bu proseslərdə iştirakı mühüm rol oynayır, belə ki, Vaşinqton sülhün təmin edilməsinə sadiqliyini nümayiş etdirir.

Dövlət katibi Blinken Azərbaycan və Ermənistan liderləri və XİN başçıları ilə sülh müqaviləsinin bağlanmasını dəfələrlə müzakirə edib. Sentyabrın 15-də müdafiə nazirinin müavini Kolin Kal Ermənistanın və Azərbaycanın müdafiə nazirləri ilə görüşüb, milli təhlükəsizlik üzrə müşavir Ceyk Sallivan isə sentyabrın 27-də Vaşinqtonda öz həmkarları ilə söhbət edib.

“Biz danışıqların davam etməsi üçün Ermənistana və Azərbaycana təzyiq göstərməyə davam edirik və bunu ikitərəfli, üçtərəfli əsaslarla və Avropa İttifaqı və digər tərəfdaşlarla sıx əməkdaşlıq şəklində edirik”, deyə o bildirib.

Çərşənbə günü dinləmələr konqresmen Bill Kitinqin sədrliyi ilə keçirilib. Kitinq öz açılış nitqində bildirib ki, Ermənistan və Azərbaycan arasında sülh sazişi, eləcə də “demokratik islahatlar və qanunun aliliyi” region üçün həyati əhəmiyyət kəsb edir.

Öz növbəsində, Donfrid qeyd edib ki, ABŞ Azərbaycanda təhlükəsizlik, iqtisadi inkişaf, demokratiya və insan hüquqlarının təşviqinə sadiqdir.

Azərbaycanla təhlükəsizlik sahəsində əməkdaşlıq terrorçuluğa, narkobiznesə qarşı mübarizəni, habelə Xəzərin enerji infrastrukturunun təhlükəsizliyinin artırılmasını nəzərdə tutur, deyə o bildirib.

İnsan hüquqlarına gəlincə, ABŞ Azərbaycan hökuməti ilə hüquqların müdafiəsi və insan hüquqlarının pozulmasında təqsirli olan şəxslərin məsuliyyətə cəlb edilməsi ilə bağlı əməkdaşlıq edir. “Administrasiya dekabrın 9-da Azərbaycan məmurları tərəfindən insan hüquqlarının pozulmasını açıq şəkildə pisləyib”, deyə Donfrid fəal Bəxtiyar Hacıyevin həbsini nəzərdə tutaraq bildirib.

Müzakirələr zamanı konqresmenlər Rusiyanın regiondakı təsiri ilə bağlı narahatlıqlarını bildiriblər.

Kitinq xatırladıb ki, 2020-ci ildə Azərbaycan və Ermənistan arasında atəşkəs elan edildikdən sonra Rusiya regionun hər üç ölkəsində öz qoşunlarını yerləşdirməyə müvəffəq olub. “Rusiyanın regionda fiziki və iqtisadi iştirakı çox böyükdür və Ukraynadakı qanunsuz müharibə Kremlin niyyətini göstərir”, deyə o bildirib.

Buna cavabda Donfrid deyib ki, heç bir Cənubi Qafqaz ölkəsi Rusiyanın Ukraynada müharibəsini dəstəkləmir.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button