Siyasət

“Sülhməramlılara qarşı təxribat xarakterli hərəkətlər qəbuledilməzdir” – Rusiya XİN

“Rusiya Laçın dəhlizinin bağlanmasından narahatdır və çox yaxın gələcəkdə nəqliyyat əlaqələrinin bərpasına ümid edir”.

Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bunu keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Biz Laçın dəhlizinin bağlanmasından narahatıq, buna tərəflər arasında filiz yataqlarının işlənməsi ilə bağlı fikir ayrılıqları səbəb olub. Rusiya Müdafiə Nazirliyi və Rusiya sülhməramlı kontingenti bütün bu günlər ərzində vəziyyətin gərginliyini azaltmaq üçün fəal işləyir. Biz çox yaxın gələcəkdə tam hüquqlu nəqliyyat əlaqələrinin bərpasına ümid edirik”, – diplomat bildirib.
“Rusiya sülhməramlılarına qarşı ittihamlar və təxribat xarakterli hərəkətlər, “haradan gəlirsə gəlsin” qəbuledilməzdir və əks nəticə verir. Rusiya sülhməramlı kontingenti regionda sabitliyin qarantı rolunu oynayaraq, öz vəzifələrini səmərəli şəkildə yerinə yetirir”, – Zaxarova deyib.

Qeyd edək ki, dekabrın 12-də səhər saatlarından bir qrup qeyri-hökumət təşkilatı nümayəndəsi, media təmsilçisi və ictimai fəal Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Şuşa-Xankəndi yolunu bağlayıb. Aksiya iştirakçıları Azərbaycanın faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz etdiklərini söyləyərək Xocalı və Xankəndi tərəfə keçmək istəsələr də, sülhməramlı kontingent onlara imkan verməyib.

Sözügedən aksiya hazırda da davam edir.

Bənzər yazılar

Back to top button