Siyasət

AİHM 4 azərbaycanlı müxalifətçinin işi üzrə qərarını elan edib

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) bu gün Azərbaycandan 6 şikayətlə bağlı qərarlarını elan edib.

Aihmaz.org saytının Avropa Şurasından əldə etdiyi rəsmi məlumata istinadla yaydığı xəbərə görə, 4 şikayət “Cabbar Savalanlı və digərləri Azərbaycana qarşı” işində birləşdirilib.

Söhbət Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalları Cabbar Savalanlı və Murad Ədilovun, Müsavat Partiyasının sədr müavini Fərəc Kərimli və onun qardaşı Sirac Kərimlinin işlərindən gedir.

Onlar hamısı qanunsuz narkotik dövriyyəsi ittihamı ilə həbs cəzasına məhkum ediliblər.

Ərizəçilər şikayətlərində istintaq müddətində həbsdə saxlanıldıqlarını, hökumət əleyhinə fəaliyyətlərinə görə saxta dəlillər əsasında həbs edildiklərini qeyd ediblər.

Yerli məhkəmələr həbs cəzasını ittihamın ağırlığı və ərizəçilərin istintaqdan yayınması riski ilə əsaslandırıb.

AİHM bütün işlərdə Avropa İnsan Hüquq və Azadlıqları Konvensiyasının 5-ci (azadlıq və şəxsi toxunulmazlıq hüququ) maddəsinin pozulduğu qənaətinə gəlib.

Bununla belə, AİHM ərizəçilərin 18-ci (hüquqlarla bağlı məhdudiyyətlərdən istifadə hədləri) maddənin pozulması haqqında iddialarını qəbuledilməz hesab edib.

Qərar qüvvəyə mindikdən sonra hökumət hər bir ərizəçiyə 10 min manat ödəməlidir. Fərəc və Sirac Kərimlinin işində əlavə olaraq məhkəmə xərclərinin ödənilməsi üçün ümumilikdə 3 min avro, Ədilovun işində isə 2 min avro ödənilməlidir.

Azadlıq və şəxsi toxunulmazlıq hüququnun pozulmasından şikayət edən Cavid Məmmədovun işində isə hökumət və ərizəçi barışıq əldə edib və hakimiyyət ona 3500 avro ölçüsündə təzminat ödəmək öhdəliyi götürüb.

İsa İbrahimovun şikayəti baxılan işlər arasından çıxarılıb, belə ki, onun vəkili kommunikasiya mərhələsində AİHM-yə artıq ərizəçini təmsil etmədiyi haqqında məlumat verib, o özü isə Strasburq Məhkəməsinin məktublarına cavab verməyib. (Turan)

Bənzər yazılar

Back to top button