İqtisadiyyat

Azərbaycandan Avropaya yeni qaz kəməri çəkilir? – Ərdoğan anons etdi

Türkiyə türkmən qazının Avropaya tədarükü üçün mühüm mərkəzə çevriləcək.

Qaynarinfo xəbər verir ki, bunu prezident Rəcəb Tayyib Ərdoğan Avazda keçirilən Türkiyə-Türkmənistan-Azərbaycan üçtərəfli sammitini işıqlandıran türkiyəli jurnalistlərlə söhbətində deyib.

Onun sözlərinə görə, Rusiya və Türkmənistan qazının Türkiyə vasitəsilə Avropaya nəqli enerji sektorunda çox mühüm addım olacaq.
Ərdoğan qeyd edib ki, bu gün Bakı və Aşqabad arasında Türkmənistandan Xəzər dənizi vasitəsilə qaz ixracı mövzusu müzakirə olunur və digərləri ilə yanaşı, maliyyə yükü məsələsi də nəzərdən keçirilir.

“Hesab edirəm ki, Azərbaycan və Türkmənistan bu yükün bölüşdürülməsi ilə bağlı razılığa gəlməlidir. Türkiyə bu prosesin bir hissəsi olarsa, o zaman xərclərin bir hissəsini Ankara öz üzərinə götürəcək. Əgər Aİ məsələyə qarışsa, Brüssel nümayəndələri də maliyyə məsələsində iştirak etməli olacaqlar”, – Türkiyə lideri bildirib.

Ərdoğan bildirib ki, Türkmənistanın Avaza şəhərində keçirilən üçtərəfli sammitdə əməkdaşlıq yollarını ətraflı müzakirə etmək üçün Türkiyə, Azərbaycan və Türkmənistanın energetika nazirlərinin görüşünün təşkili qərara alınıb. “Mən Türkiyənin energetika nazirinə Azərbaycan və Türkmənistandan olan həmkarlarımla aparılan müzakirələrin yekunlarına əsasən bir ay ərzində nəticə əldə etməyi tapşırdım. Bu qərarlar nəticəsində biz bu mövzunu bir daha müzakirə edəcəyik. 2023-cü ilin əvvəlində Türkmənistan prezidenti Türkiyəyə rəsmi səfər etməyi planlaşdırır. Ümid edirəm ki, məhz o zaman biz bu məsələyə son qoyacağıq”, – deyə Ərdoğan bildirib.

Prezident Ərdoğan Azərbaycan lideri İlham Əliyevlə danışıqlarda enerji məsələsini də qaldıracağını bildirib.

“Qısa addımlar prosesi asanlaşdıracaq. Bundan sonra biz Aİ ilə bağlı məsələnin müzakirəsinə başlayacağıq”, – deyə prezident davam edib.

Türkiyə lideri Trans-Anadolu qaz kəmərinin (TANAP) iş yükünə diqqət çəkib. “TANAP yüklənib – 32 milyard kubmetr. Trans-Adriatik boru kəməri (TAP) ilə də oxşar vəziyyətdir – altı milyard kubmetr qaz vurulur. Ona görə də həmkarlar yeni qaz kəmərinin çəkilməsinin zəruriliyini müzakirə edəcək və dialoqun nəticələrinə əsasən yeni addımlar atacaqlar. Biz məsələni Avazda prezidentlər səviyyəsində müzakirə etdik. İndi növbə bizə gələcəkdə yeni addımlar atmağa imkan verəcək texniki baza, maliyyə bazası ilə bağlı müzakirələrə gəlir”.

Bənzər yazılar

Back to top button